
Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
Bakı. Trend:
Martın 14-də Azərbaycan Respublikasının maliyyə naziri Samir
Şərifov ölkəmizdə səfərdə olan, Asiya İnkişaf Bankının (AİB)
Mərkəzi və Qərbi Asiya departamentinin dövlət idarəçiliyi, maliyyə
sektoru və ticarət bölməsinin direktoru Tarik Niyazi ilə
görüşüb.
Trend xəbər verir ki, görüşdə Azərbaycan ilə AİB arasında
əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri üzrə
məsləhətləşmələr aparılıb, ölkə üzrə yeni tərəfdaşlıq
strategiyasının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair
Milli Prioritetlər”ə və Azərbaycan Respublikasının 2022–2026-cı
illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun
hazırlanmasının vacibliyi qeyd olunub.
Görüş zamanı AİB-in ölkəmizin makroiqtisadi sabitliyinə, dövlət
sektorunda effektivliyin artırılmasına verdiyi dəstək və göstərdiyi
texniki yardımlar vurğulanıb, dövlət sektorunun idarə edilməsində
və maliyyə sektorunun inkişafında hökumətin strateji hədəfləri və
islahat gündəliyi müzakirə olunub, ölkədə iqtisadi inkişafın
davamlılığına əsaslanan gələcək kreditləşdirmə proqramı nəzərdən
keçirilib.
1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas
məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla
yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılmasına yardım etməkdir. AİB-ə 48-i regional və 19-u
qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippin
Respublikasının paytaxtı Manila şəhərində yerləşir.