Azərbaycanla Venesuela arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı. Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə
görüşüb.

Dövlət Komitəsindən Trend-ə bildirilib ki, iki ölkə arasında son
illər yüksələn xətlə inkişaf edən əlaqələrdən danışan Bahar
Muradova Qoşulmama Hərəkatına Azərbaycanın daxil olması və bu
təşkilata rəhbərliyi də Venesueladan almasının bu prosesdə çox
önəmli rol oynadığını söyləyib. O, Hərəkatın son illər müxtəlif
platformalarının yaranması və əhəmiyyətinin artmasında öncə
Venesuelanın, son illərdə isə Azərbaycanın rolundan bəhs edib,
həmçinin bu fəaliyyətlərin prosesə böyük töhfə verdiyini
vurğulayıb.

B.Muradova Hərəkatın Parlament Platformasının yaranmasının
əhəmiyyətini qeyd edib və beynəlxalq münasibətlərin qurulmasının
ölkələri birləşdirən dəyərlər ətrafında əməkdaşlığı da istisna
etmədiyini bildirib: “Buna görə də hər iki ölkə prezidentinin
başlatdığı yaxınlaşma siyasətini davam etdirməli və əməkdaşlığın
uyğun formalarını tapmalıyıq”.

Gender bərabərliyindən söz açan Dövlət Komitəsinin sədri,
müstəqillik qazandıqdan sonra Azərbaycanın bu sahədə böyük yol qət
etdiyini dilə gətirib.

Səfir Kristofer Alberto Martinez Berroteran Venesuela və
Azərbaycan arasındakı hazırkı əlaqələrin bundan sonra da səmərəli
inkişaf edəcəyinə inamını ifadə edib. Qoşulmama Hərəkatına diqqət
çəkən səfir hər iki ölkənin müvəqqəti sədrliyi müddətində bu
Hərəkatın möhkəmlənməsinə böyük töhfələr verdiyini bildirib,
həmçinin təşkilatın yeni sferalarında Azərbaycanın təşəbbüslərini
yüksək qiymətləndirib.

Dövlət quruculuğu və idarəetmədə qadınların fəal
təmsilçiliyindən danışan səfir qeyd edib ki, 20 ildən artıqdır
ölkədə qadınlar kişilərlə bərabər müstəqilliyin qorunub saxlanması
üçün fəaliyyət göstərir. Ölkəsinin qadın və uşaq hüquqları ilə
bağlı son dövrdə qəbul etdiyi çoxsaylı qanunvericilik sənədlərindən
söhbət açan Berroteran əlavə edib ki, qəbul edilmiş bu qanunlar,
həmçinin dəyərlərin qorunmasına, gənc nəslin və ailələrin
formalaşmasına da töhfə verəcək. Qeyd olunub ki, üst-üstə düşən
maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da
inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

Görüşün davamında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı
ətraflı fikir mübadiləsi aparılıb və gələcəkdə mümkün əməkdaşlıq
layihələrindən bəhs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir