Baş Prokurorluq Tovuzda oteldə qadın meyitinin tapılmasına aydınlıq gətirdi
Bakı. Trend:
Baş Prokurorluq Tovuzda mehmanxanada meyiti tapılan qadının
ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir
ki, bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri
tərəfindən guya Tovuz rayonunda yerləşən mehmanxanaların birində
meyiti aşkar edilən qadının hamamda sürüşərək yıxılması nəticəsində
başından aldığı xəsarət səbəbindən ölməsi barədə dəqiqləşdirilməmiş
məlumatlar ictimailəşdirilib.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin
tələblərinə əsasən ölümün səbəbi, bədən xəsarətinin ağırlıq
dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyi əsasında
müəyyən edilir.
Bundan başqa, “Media haqqında” Azərbaycan Respublikası Qanununa
görə, mediada dərc olunan informasiyalarda fakt və hadisələr
qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol
verilməməlidir.
Qeyd olunan hadisə ilə bağlı Tovuz rayon prokurorluğunda
aparılan araşdırma zamanı şəxsin ölüm səbəbinin müəyyən edilməsi
məqsədilə təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyi hazırkı
vaxtadək istintaq orqanına təqdim olunmayıb.
Faktla bağlı rayon prokorluğunda araşdırma davam etdirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcək.
Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən
Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən məlumatların
dərc edilməməsi xahiş olunur.