Baş Qərargah rəisi ABŞ-nin Avropa Komandanlığının nümayəndə heyəti ilə görüşüb

Bakı. Trend:

Martın 14-də müdafiə nazirinin birinci müavini – Azərbaycan
Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev
ABŞ-nin Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və
siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard
Voqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, əvvəlcə qonaqlar Şəhidlər xiyabanında
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından
keçən Vətən övladlarının xatirələrini ehtiramla yad ediblər.

Nümayəndə heyətini salamlayan Baş Qərargah rəisi onlara
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda
aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, həmçinin
Azərbaycan-Ermənistan şərti dövlət sərhədi və Qarabağ iqtisadi
rayonundakı cari vəziyyət barədə məlumat verib.

Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə
edilmiş müsbət nəticələrdən, o cümlədən Oklahoma ştatının milli
qvardiyası ilə Azərbaycan Ordusu arasında qarşılıqlı əlaqələrin
cari vəziyyətindən məmnunluq ifadə edilib.

Briqada generalı E.Voqan Azərbaycan Ordusunun hərbi
qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş
missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud
əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.

Sonda Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın
perspektivləri və regional təhlükəsizlik məsələlərinə dair ətraflı
fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir