
Bayden tezliklə Si Cinpinlə danışıqlar aparmaq istəyini bir daha təsdiqləyib
Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden tezliklə Çin Prezidenti Si Cinpin ilə
yenidən telefon və ya videoəlaqə ilə danışıqlar aparmaq istəyini
bir daha təsdiqləyib.
Trend xəbər verir ki, bunu ABŞ lideri bazar ertəsi Böyük
Britaniyanın baş naziri Rişi Sunak ilə San-Dieqoda (Kaliforniya)
baş tutan ikitərəfli görüşdə jurnalistlərin suallarını
cavablandırarkən deyib.
C.Baydeni bu səfərdə müşayiət edən Ağ Ev mətbuat xidmətinin
məlumatına görə, ABŞ administrasiyasının rəhbəri yaxın gələcəkdə Si
Cinpin ilə danışıb-danışmayacağı sualına müsbət cavabı verib. Bu
danışıqların nə vaxt baş tutacağını dəqiqləşdirməyə hazır
olub-olmadığı sualına isə C.Bayden mənfi cavab verib.
Daha əvvəl ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk
Sallivan bildirib ki, Si Cinpin və Co Bayden arasında yeni
danışıqların tarixi hələ müəyyən edilməyib.