Bu gün İlaxır çərşənbədir

Bakı. Trend:

Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə – Torpaq
çərşənbəsidir. İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra
gəlir.

Trend xəbər verir ki, bu çərşənbəyə xalq arasında “Yer
çərşənbəsi”, “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” də
deyilir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs
alır. Torpaq bütün canlılara həyat verir və uca Allahın
yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna
sığınırlar.

Uzun qış aylarında insanların evlərində saxladığı ərzaqlar
tükənir. Əfsanəyə görə adamların əziyyət çəkdikləri bu gündə Su,
Od, Yel və Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir və burada
yatmış Torpağı oyadırlar. İlaxır çərşənbədə torpaq artıq əkinə
hazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın
mülayimləşməsinə, suların donunun açılmasına, çayların suyunun
artmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisəsinin
hər birini (çərşənbələri) müxtəlif mərasimlərlə qeyd edirlər.

Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə isə xalqımız
tərəfindən böyük coşqu ilə qeyd edilir. Ölkəmizin bəzi bölgələrində
İlaxır çərşənbə hətta Novruz bayramının özü qədər təntənəli
keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir