Dayanıqlı inkişaf sahəsində BMT ilə birgə layihəyə ayrılan vəsaitin həcmi açıqlanıb
Bakı. Trend:
Azərbaycan dayanıqlı inkişaf hesabatlarına əsasən yüksək
qiymətlər alan yeganə ölkədir.
Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat nazirinin
müavini Sahib Məmmədov “2021-2025-ci illər üçün BMT-Azərbaycan
arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin
icrası üzrə İstiqamətləndirici Komitənin bugünkü iclasında
deyib.
Onun sözlərinə görə, Azərbaycan bu layihə çərçivəsində növbəti
hesabatı BMT-yə 2024-cü ildə təqdim edəcək. O həmçinin Azərbaycan
və BMT arasında bu layihə üzrə beş istiqamətdə tədbirlər
görüldüyünü xatırladıb.
“Bugünkü iclasda da bir daha bu məsələlər nəzərdən keçiriləcək
və təsdiq olunacaqdır. Məlumat üçün bildirək ki, Çərçivə Sənədi
üzrə 2022-ci il ərzində layihələrin həyata keçirilməsinə 25,4
milyon ABŞ dolları vəsait xərclənib. Bu il üçün nəzərdə tutulan
büdcə isə 32 milyon ABŞ dolları təşkil edir”,- o deyib.
Sahib Məmmədov Azərbaycanın yaşıl texnologiyaların və yaşıl
inkişafın tətbiq siyasətinə sadiq qaldığını, habelə bunun layihənin
və ölkənin BMT qarşısındakı öhdəliklərinin ayrılmaz tərkib hissəsi
olduğunu bildirib.
“2022-ci ildə 2021-ci ilə nisbətən ÜDM real ifadədə 4,6%,
adambaşına düşən ÜDM isə 4,1% artıb. 2022-ci ildə qeyri neft-qaz
sektorunun bütün sahələrində əlavə dəyər üzrə artım müşahidə
olunub. Ümumilikdə, son 10 ildə ölkə iqtisadiyyatında mühüm
struktur dəyişiklikləri və şaxələndirmə siyasətinin uğurla həyata
keçirilməsi nəticəsində qeyri-neft-qaz sektoru milli iqtisadiyyatın
başlıca artım və inkişaf amilinə çevrilib. 2011-2021-ci illərdə
ölkə iqtisadiyyatına yatırılan böyük həcmdə birbaşa xarici
investisiyalar cari və gələcək dövrlərdə iqtisadi artımın mühüm
təməl amillərindən biri olub. Azərbaycan 2021-ci illə müqayisədə 5
pillə irəliləyərək 163 ölkə arasında 50-ci pillədə
qərarlaşıb.Hesabatdakı mövqeyi ilə ölkəmiz dünyada hər üç ölkədən
ikisini qabaqlayıb və Cənubi Qafqaz regionunda öz lider mövqeyini
qoruyub”, – o deyib.
Nazir müavini həmçinin BMT-nin Azərbaycanı işğaldan azad edilmiş
ərazilərin minalardan təmizlənməsi prosesində dəstəklədiyini qeyd
edib.
“Ötən il BMT-nin İnkişaf Proqramının Ölkə Nümayəndəliyi ilə
birgə məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün minatəmizləmə
ilə bağlı layihənin icrasına başlanılıb. Şübhəsiz ki, qlobal
minatəmizləmə səylərinin gücləndirilməsi üçün əməkdaşlıq
mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq ictimaiyyətin, özəl
sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı,
qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin
tətbiqi vacibdir”, – o deyib.
Sahib Məmmədov bu il həmçinin minaların təhlükəsi və partlamamış
döyül sursatları barəsində məlumatlandırma üzrə tədbirlərin
gözlənildiyini vurğulayıb.