
Dövlət Vergi Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)
Bakı. Trend:
Dünya Bankının mütəxəssislərinin daxil olduğu nümayəndə heyəti
“Azərbaycanda vergi islahatları üzrə texniki yardım” mövzusunda
icra edilən layihə çərçivəsində Bakıda səfərdədir.
Dövlət Vergi XidmətindənTrend-ə verilən məlumata görə, bankın
dövlət sektoru üzrə aparıcı mütəxəssisi Raul Feliks Xunkera
Varelanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə qurumun
vergi orqanlarının elektron informasiya sistemləri üzrə
məsləhətçisi Vladimir Kalderon, vergi məsələləri üzrə beynəlxalq
məsləhətçilər Xalid El-Korek və Kristian Lukas daxildir.
Səfər çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Dövlət Vergi Xidmətinin rəis müavinləri Samirə Musayeva və
İlkin Vəliyev, həmçinin digər rəhbər vəzifəli şəxslər, Dünya
Bankının nümayəndə heyəti və İsveçrənin Bakıdakı səfirliyinin
nümayəndəsi iştirak ediblər.
Tədbirdə “Azərbaycanda vergi islahatları üzrə texniki yardım
layihəsi” müzakirə edilib, habelə vergi islahatları ilə bağlı
prioritetlər barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki,
Dövlət Vergi Xidməti ilə Dünya Bankı arasında qeyd olunan layihə
çərçivəsində 2018-ci ildən qurulmuş əməkdaşlıq hazırda uğurla davam
etdirilir. Layihənin məqsədi vergi siyasəti və vergi inzibatçılığı
sahəsində səmərəli islahatların aparılması istiqamətində Dövlət
Vergi Xidmətinə dəstək göstərməkdən ibarətdir. İki mərhələdən
ibarət olan texniki yardım İsveçrənin İqtisadi Məsələlər üzrə
Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirilir.
Birinci mərhələdə “Tax Diamond” platformasının “Vergi
inzibatçılığının funksional qiymətləndirilməsi” modulu əsasında
vergi inzibatçılığının 12 müxtəlif fəaliyyət istiqamətləri
qiymətləndirilib. Qiymətləndirmə modulunun nəticəsi olaraq,
beynəlxalq vergitutma sahəsində fəaliyyət planı təsdiq edilib.
Layihənin ikinci mərhələsində “Business Process Reengineering”
platformasının “Biznes proseslərinin qiymətləndirilməsi” modulu
çərçivəsində vergi ödəyicilərinin uçot-məlumat bazasının tamlığı,
risklərin idarə olunması, “kölgə iqtisadiyyatı”nın azaldılması,
vergi ödəyicilərinə göstərilən xidmətlər və vergi mübahisələrinin
həlli istiqamətləri əhatə edilib. Bununla yanaşı, “Əsas İKT
idarəçiliyinin qiymətləndirilməsi” layihəsinin icrasına başlanılıb
və Dövlət Vergi Xidmətinin informasiya texnologiyaları sahəsi 14
meyar üzrə qiymətləndirilib. Hazırda “Əməletmə risklərinin idarə
olunması” modulu çərçivəsində texniki yardım layihəsinin icrasına
başlanılıb və uğurla davam etdirilməkdədir.
Qeyd edilib ki, Dünya Bankının həyata keçirdiyi bir sıra uğurlu
layihələrin benefisiarı olan Dövlət Vergi Xidməti beynəlxalq
əməkdaşlıq layihələrinə böyük əhəmiyyət verir və SECO-nun
dəstəkləməkdə maraqlı olduğu sahələri və potensial layihələri
müzakirə etməkdə maraqlıdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir
mübadiləsi aparılıb.