
Fevralda Bakı hava limanı sərnişinlərin sayına görə rekorda imza atıb
Bakı. Trend:
Bu ilin fevral ayında Azərbaycanın əsas hava limanı – Heydər
Əliyev Beynəlxalq Aeroportu 310 mindən çox sərnişinə xidmət
göstərərək rekorda imza atıb. Bu rəqəm əvvəlki illərin fevral ayı,
o cümlədən pandemiyadan əvvəlki dövr üzrə rekord göstəricidir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat
xidmətindənTrend-ə verilən
məlumata görə, belə ki, 2023-cü ilin fevral ayında bu rəqəm 312,883
min nəfər idisə, 2019-cu ilin eyni dövründə bu göstərici 243,165
min nəfərə bərabər olub. 2020, 2021 və 2022-ci illərin fevral
aylarında Bakı hava limanının sərnişin axını müvafiq olaraq 270
min, 67 min və 206 min nəfər sərnişini ötüb.
Fevral ayında ölkənin bütün beynəlxalq hava limanlarının
sərnişin axını 367 min nəfər təşkil edib, 2023-cü ilin əvvəlindən
isə bu göstərici təxminən 790 min nəfərə çatıb.
Qeyd olunan müddət ərzində milli aviadaşıyıcılar AZAL və “Buta
Airways” müvafiq olaraq 106 mindən çox və 43 min sərnişin daşıyıb.
Beynəlxalq uçuşlarda milli aviaşirkətlərinin payı 40% təşkil
edib.
2023-cü ilin fevral ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna
25 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox
sərnişin “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “Azimuth” və
“WizzAir” aviaşirkətləri ilə daşınıb.
Fevral ayı ərzində Bakıdan ən populyar beynəlxalq istiqamətlər
onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Mineralnıye
Vodı, Ciddə, Şarja, Ankara və Daşkənd daxil olub. Ümumilikdə bu
istiqamətlər üzrə 193 min sərnişinə xidmət göstərilib.
Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə Azərbaycanın
beynəlxalq hava limanlarının sərnişin axını 5,3 milyondan çox
sərnişin təşkil edib. Bu rəqəm pandemiyadan əvvəlki göstəriciyə
yaxındır.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük
daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal
kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda
və regionda ən böyük hava limanıdır.
2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu
nüfuzlu “Skytrax World Airport Awards” beynəlxalq agentliyinin
versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu
beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə
keyfiyyət standartıdır.