
Güləşçimiz Xasay Həsənli Avropa çempionatının finalına yüksəlib
Bakı. Trend:
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa
çempionatı start götürüb.
Trend xəbər verir ki, yarışın ilk günündə 55, 63, 77, 87 və 130
kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə
aparıblar.
Milli komandamızın üzvü Xasay Həsənli (77 kq) qitə birinciliyinə
inamlı start verib. Ötən il analoji yarışın qalibi olan
pəhləvanımız əvvəlcə türk Şahan Acara (10:0), daha sonra isə
litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib.
Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) güclü olan
X.Həsənli martın 14-də finalda moldovalı Aleksandrin Qutu ilə
üz-üzə gələcək.
Rahim Həsənov (55 kq) dörddəbir finalda ermənistanlı Karapet
Manvelyana (1:7), Ziya Babaşov (63 kq) ilk mərhələdə bu ölkənin
digər təmsilçisi Sahak Hovannisyana (1:3), Məhəmməd Əhmədiyev (87
kq) təsnifat mərhələsində gürcüstanlı Açiko Bolkvadzeyə (4:5),
Sərxan Məmmədov (130 kq) isə startda ukraynalı Mixaylo
Vişnivetskiyə (1:9) məğlub olublar. S.Məmmədovun rəqibi finala
yüksəldiyi üçün güləşçimiz martın 14-də təsəlliverici görüşdə
rumıniyalı Gean Ali ilə qarşılaşacaq.