
Prezident İlham Əliyev: Səngəçal terminalına elektrik enerjisinin verilməsi bərpaolunan enerji siyasətimizdən qaynaqlanır
Bakı. Trend:
BP ilə birgə icra etdiyiniz Səngəçal terminalına elektrik
enerjisinin verilməsi layihəsi bərpaolunan enerji siyasətimizdən
qaynaqlanır. Biz BP ilə razılaşdıq ki, o, Cəbrayıl şəhərində 240
meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa
xarici sərmayədar olacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı
şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.
İstehsal olunmuş həmin enerjinin də Azərbaycanın enerji
sisteminə daxil ediləcəyini vurğulayan dövlətimizin başçısı
bildirib: “Eyni zamanda, biz Səngəçal terminalını elektrik enerjisi
ilə təmin etmiş olacağıq və onlar qazdan istifadəni dayandıracaq.
Həmin qaz boru kəmərinə daxil ediləcək və Avropaya yönləndiriləcək.
Bir sözlə, burada üçtərəfli uduşlu vəziyyətdir. Biz 240 meqavatlıq
günəş enerji stansiyasını alırıq, BP-nin Səngəçal Terminalı
karbonsuz və daha səmərəli qaydada fəaliyyət göstərməyə başlayır və
onların istifadə etdiyi qaz Avropaya ixrac olunur. Biz bu layihəni
enerji səmərəliliyi baxımından, çox əhəmiyyətli hesab edirik”.