Prezident İlham Əliyev: Sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu Azərbaycan tərəfini narahat edir

Bakı. Trend:

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan
ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu, Laçın
yolundan hərbi məqsədlər, hərbi daşımalar üçün istifadə Azərbaycan
tərəfini narahat edir.

Trend xəbər verir ki, bunu
Prezident İlham Əliyev martın 14-də Almaniya Federativ
Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş
tərkibdə görüşü zamanı deyib.

Dövlətimizin başçısı Azərbaycanın Laçın yolu ilə bağlı
məsələsinə toxunaraq bu yolun blokadada olması barədə Ermənistanın
iddialarının tamamilə əsassız olduğunu bildirdi, yol üzrə hərəkətin
təmin edildiyini, dekabrın 12-dən etibarən Rusiya
sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə
buradan 4 mindən artıq nəqliyyat vasitəsinin, 150-dən çox tibbi
yardıma ehtiyacı olan şəxsin keçdiyini vurğuladı.

Prezident İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti
yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin
mövcudluğunun və Laçın yolundan hərbi məqsədlər, hərbi daşımalar
üçün istifadənin Azərbaycan tərəfini narahat etdiyini bildirdi.

Dövlətimizin başçısı üçtərəfli Bəyanata əsasən Zəngəzur
dəhlizinin açılması ilə bağlı Ermənistanın üzərinə düşən
öhdəlikləri yerinə yetirmədiyini dedi və Laçın yolunun son
nöqtəsində, Azərbaycan və Ermənistan sərhədində Azərbaycanın
müvafiq sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı təklifi
barədə məlumat verdi. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə
region üçün yeni nəqliyyat dəhlizinin formalaşmasına imkan
yaranacağını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın hazırda
öz ərazisində dəmir yollarının və avtomobil yollarının qurulması
üzrə işləri sürətli şəkildə davam etdirdiyini bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir