Prezident İlham Əliyev: Təbii fəlakətin nəticələrini aradan qaldırmaqda Türkiyəyə dəstəyi davam etdirəcəyik
Bakı. Trend:
Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf
edir. Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır,
Azərbaycan xalqının və dövlətinin hər zaman olduğu kimi bu ağır
günlərdə də qardaş Türkiyənin yanında, bir ürək, bir yumruq kimi
birləşdiyini bildirirəm.
Trend xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin
“Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin
təşkilatçılığı ilə gerçəkləşdirilən XXVI Avrasiya İqtisadi Zirvə
Toplantısının iştirakçılarına müraciətində yer alıb.
Məktubda qeyd olunur ki, ilk gündən bütün səviyyələrdə Türkiyə
ətrafında səfərbər olan, yüksək həmrəylik nümayiş etdirən
Azərbaycan fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə
bundan sonra da dəstəyini göstərəcək. Dövlətimizin başçısı əmin
olduğunu bildirib ki, güclü və qüdrətli Türkiyə bu çətinliklərin də
öhdəsindən mətinliklə gələcək.