
Prezident İlham Əliyev XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
Bakı. Trend:
Prezident İlham Əliyev XXVI Avrasiya İqtisadi Zirvə
Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.
Trend-in məlumatına görə,
müraciətdə deyilir: “Hörmətli sammit iştirakçıları,
Sizi “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin
təşkilatçılığı ilə gerçəkləşdirilən XXVI Avrasiya İqtisadi Zirvə
Toplantısı münasibətilə səmimi-qəlbdən salamlayıram.
Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf
edir. Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır,
Azərbaycan xalqının və dövlətinin hər zaman olduğu kimi bu ağır
günlərdə də qardaş Türkiyənin yanında, bir ürək, bir yumruq kimi
birləşdiyini bildirirəm. İlk gündən bütün səviyyələrdə Türkiyə
ətrafında səfərbər olan, yüksək həmrəylik nümayiş etdirən
Azərbaycan fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə
bundan sonra da dəstəyini göstərəcəkdir. Güclü və qüdrətli
Türkiyənin bu çətinliklərin də öhdəsindən mətinliklə gələcəyinə
əminəm.
İnsan iradəsindən kənar baş verən təbii fəlakətlər fərdlərin,
xalqların, dövlətlərin bir-birinin dəstəyinə, həmrəyliyinə nə qədər
ehtiyacı olduğunu bir daha nümayiş etdirir. Bu baxımdan
“Güvənsizliyi bitir, işbirliyinə başla!” devizi altında keçirilən
builki Avrasiya İqtisadi Zirvə Toplantısının mühüm rəmzi mənası
vardır.
Təəssüflər olsun ki, bu gün dünyada dövlətlərarası münasibətləri
tənzimləməli olan mexanizmlər zəifləmiş, beynəlxalq hüququn
aliliyinə inam azalmışdır. Müharibələr, geosiyasi münaqişələr,
bütün bunlarla eyni zamanda baş verən enerji böhranı beynəlxalq
münasibətlər sisteminin tənəzzülünün nəticələridir. Bu yeni qlobal
konfiqurasiya daxilində mümkün nizamın qorunmasında, qarşılıqlı
əməkdaşlığın və dayanıqlı inkişaf mühitinin təmin olunmasında
Türkiyə kimi nüfuzlu və öz mövqeyində qətiyyətli dövlətin rolu
müstəsna əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji
müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə
qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında
sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir.
Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün
qarantıdır. Ölkələrimiz eyni zamanda Avropanın enerji
təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı
tərəfdaşlardır.
2023-cü il Azərbaycan-Türkiyə sarsılmaz birliyinin tarixində
Türkiyə Respublikasının yaradılmasının və Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü
ilə əlamətdardır. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün
“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim
kədərimizdir” və Heydər Əliyevin “Bir millət iki dövlət”
fəlsəfələri əsasında qurulmuş dövlətlərarası münasibətlərimiz bu
gün bütün dünya üçün örnəkdir.
Əminəm ki, qardaş xalqlarımızın iradəsi ilə ən yüksək zirvədə
qərarlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyyətlərlə
daha da möhkəmlənəcək, birgə fəaliyyətimiz beynəlxalq əhəmiyyətli
təşəbbüsləri reallığa çevirərək Avrasiyada siyasi və iqtisadi
əhəmiyyətli inteqrasiya prosesinə töhfə verəcəkdir.
İnanıram ki, bu mötəbər tədbir çərçivəsində aparacağınız
müzakirələr böyük bir сoğrafiyanı əhatə edən ölkələr arasında
tərəfdaşlıq münasibətlərinin dərinləşməsi, bəşəriyyətin rifahı
naminə yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün
faydalı olacaqdır.
Zirvə Toplantısının işinə uğurlar arzulayıram”.