ADPU-da “Heydər Əliyev dərsləri”: Azərbaycan tarixinin Heydər Əliyev dövrü (FOTO)

Bakı. Trend:

Martın 13-dən 15-dək Azərbaycan Dövlət Pedaqoji Universitetinin
(ADPU) Heydər Əliyev Mərkəzində Tarix və coğrafiya fakültəsinin
daha 100 nəfər tələbəsi üçün “Heydər Əliyev dərsləri”
keçirilib.

Dərslərin əvvəlində tələbələrə mərkəz haqqında ümumi məlumat
verilib. Bildirilib ki, bina Ulu Öndərin vəfatından bir neçə il
sonra – 2007-ci ildə inşa edilərək müvafiq avadanlıqlarla təchiz
olunub. Burada Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif
dövrlərini əks etdirən 181 kitab, 169 foto, 13 arxiv sənədinin
surəti, 12 suvenir və digər eksponatlar toplanıb. Mərkəzin əsas
vəzifəsi Ümummili Liderə aid materialları sistemləşdirmək və
nümayiş etdirmək, müxtəlif səpkili tədbirlər keçirməklə onun zəngin
həyat yolunu, ideya-siyasi irsini və dövlətçilik təcrübəsini
universitetin əməkdaşları, tələbələri, qonaqları və tərəfdaşlıq
etdiyi ümumtəhsil məktəblərinin şagirdləri arasında təbliğ
etməkdir.

Mərkəzdə hər il onlarla tədbir keçirilir. 2023-cü il “Heydər
Əliyev İli” elan olunduğundan, il ərzində burada Ulu Öndərə həsr
olunmuş çoxsaylı konfrans, seminar, dəyirmi masa, bilik yarışı və
s. tədbirlər təşkil olunacaqdır.

Azərbaycan Respublikası Prezidentinin ötən il noyabrın 28-də
imzaladığı sərəncamla təsdiq edilmiş Tədbilər Planına əsasən,
2023-cü ilin sonunadək keçirilməsi nəzərdə tutulan tədbirlərdən
biri də “Heydər Əliyev dərsləri”dir. Martın 3-də ADPU-nun Heydər
Əliyev Mərkəzinin təşkilatçılığı ilə start verilən dərslərə
indiyədək Tarix və coğrafiya fakültəsinin 7 qrupunun ümumilikdə 200
nəfərədək tələbəsi cəlb olunub.

Dərslərdə “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi”
mövzusunda mühazirə ilə çıxış edən mərkəzin müdiri Tahir Süleymanov
Ümummilli Liderin şəxsiyyəti, fəaliyyəti, ölkə və xalq qarşısındakı
xidmətləri haqqında danışıb, 1969-2003-cü illər arasındakı 34 illik
zaman kəsiyinin tarixçilər tərəfindən haqlı olaraq “Heydər Əliyev
dövrü” adlandırıldığını qeyd edib.

Daha sonra mərkəzin əməkdaşı Ceyla Səmədzadə tələbələri
eksponatlarla tanış edib, onlara Ulu Öndərin həyat və fəaliyyəti
haqqında geniş məlumat verib.

Dərslər Heydər Əliyevə həsr olunmuş sənədli filmin və görkəmli
şəxslərin Ümummilli Lider haqqında söylədikləri fikirləri əks
etdirən slaydların nümayişi ilə davam edib, qarşılıqlı sual-cavab
və müzakirələrlə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir