
Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş hesab edir – İkitərəfli əlaqələr yeni mərhələdə
Bakı. Trend:
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi
tərəfdaşlarından biridir. Prezident İlham Əliyevin martın 13-də
Almaniya səfəri də təsadüfi deyildi. Azərbaycanın müstəqil xarici
siyasət yürütmək imkanları, etibarlı tərəfdaş kimi qəbul edilməsi,
Avropa İttifaqı və ona üzv ölkələrlə artan işbirliyi Berlin-Bakı
əməkdaşlığının genişləndirilməsinə real zəmin yaradıb
Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək
səviyyədədir, ali səviyyəli dialoq mövcuddur. Prezident İlham
Əliyev 2004-cü və 2007-ci illərdə Almaniyaya rəsmi, daha 11 dəfə
isə işgüzar səfər edib. Sonuncu səfər bu il fevralın 16-19-da baş
tutub və dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransında
iştirak edib. Ötən il fevralın 15-də Prezident İlham Əliyev
Almaniya Prezidenti Frank Valter Ştaynmayeri yenidən prezident
seçilməsi münasibətilə təbrik edib. Eləcə də bu il yanvarın 13-də
iki ölkənin prezidentləri arasında telefon danışığı olub. Söhbət
zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud
vəziyyətindən məmnunluqlarını bildirib, əməkdaşlığın
perspektivlərini müzakirə ediblər.
Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar
səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və
əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb
etdi. Səfər zamanı dövlət başçısının həm Almaniya Prezidenti Frank
Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts
ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi, eləcə də
Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri və nümayəndələrinin
iştirakı ilə dəyirmi masa təşkil olundu.
Görüşlərdə səsləndirilən fikirlər, Azərbaycana və onun
Prezidentinə olan etimad sübut edir ki, Almaniya Azərbaycanı Cənubi
Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider
mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri
daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.
Prezident İlham Əliyevin bu səfəri Azərbaycanla Almaniya
arasında münasibətləri yeni inkişaf mərhələsinə çıxardı, bir sıra
sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi
üçün əlverişli imkanlar yaranmış oldu.
Azərbaycan və Almaniya arasında müqavilə-hüquq bazası olduqca
genişdir. Bu sahədə indiyədək 77 sənəd imzalanıb.
İki ölkə arasında enerji sahəsində əməkdaşlıq yüksələn xətlə
inkişaf edir. SOCAR və Almaniyanın “Uniper” şirkəti 2013-cü ildə
uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. 2020-ci
il dekabrın 31-dən Cənub Qaz Dəhlizi Azərbaycan təbii qazını
İtaliyadakı qəbul nöqtəsi vasitəsilə Avropa İttifaqının bazarına
çatdırır. “Uniper” şirkəti Avropa bazarında təbii qazın əsas
alıcılarından biridir. Bu, şirkətin ən uzunmüddətli qaz alışı
layihəsidir (2020-2045). Bu günə qədər “Azərbaycan Qaz Təchizatı”
şirkəti tərəfindən “Uniper”ə 3,1 milyard kubmetr qaz təchiz olunub.
Bundan əlavə, ötən il SOCAR tərəfindən Almaniya istiqamətində
1,764,5 min ton xam neft ixrac edilib.
İki ölkə arasında mövcud əlaqələr olduqca geniş və çox
əhatəlidir, ölkə başçısının bu səfəri növbəti dəfə Azərbaycana
Avropada olan etimadın yüksək olduğunu, onun etibarlı tərəfdaş kimi
qəbul edildiyini bəyan edir. Vətən müharibəsində qazanılan tarixi
qələbədən sonra regionda yaranmış yeni reallıq güc mərkəzi
dövlətlər tərəfindən qəbul olunur.