Almaniya ilə Azərbaycan arasında münbit siyasi və iqtisadi əməkdaşlıq mövcuddur – Elşad Həsənov

Bakı. Trend:

Almaniya ilə Azərbaycan arasında münbit siyasi və iqtisadi
əməkdaşlıq mövcuddur. Prezident İlham Əliyevin Almaniyaya işgüzar
səfəri münasibətlərin daha da inkişaf etdirilməsinə imkan
verəcək.

Bunu Trend-ə
açıqlamasında politoloq Elşad Həsənov bildirib.

O qeyd edib ki, Almaniya Avropada Azərbaycanın ən vacib iqtisadi
tərəfdaşlarından biridir. Azərbaycan isə Almaniyanın Cənubi
Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır.

“Azərbaycanla Almaniyanın iş birliyi XIX əsrin ikinci yarısından
başlayır. 1863-cü ildə Almaniyanın “Simens qardaşları” firması
tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri
misəritmə zavodları tikilib. Bundan əlavə, “Simens qardaşları”
firması Daşkəsən ərazisində kobalt yataqları bazasında kobalt
zavodu inşa edib. Bu zavodların inşası nəticəsində xeyli sayda
insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib”, – deyə
E.Həsənov bildirib.

O qeyd edib ki, Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci
ilin 12 yanvarında tanıyıb. “Azərbaycan ilə Almaniya arasında
diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2
sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22
sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açılıb.
Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və
Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib”, – deyə
E.Həsənov bildirib.

O qeyd edib ki, Almaniya dünyanın ən iri iqtisadiyyatına malik
olan ölkələrindən biridir, Avropanın lider ölkəsidir.

“Almaniya iqtisadiyyatında xüsusi avtomobil istehsalı, kimya
sənayesi, hərbi sənaye və digər sahələr çox inkişaf edib.
Azərbaycanla Almaniya arasında iqtisadi göstəricilər ildən- ilə
artır. Azərbaycanda çoxlu sayda Almaniya şirkəti fəaliyyət
göstərir. Prezident İlham Əliyevin Almaniyaya səfəri əməkdaşlığın
inkişafında yeni bir səhifə açacaq”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir