
Azərbaycan müsəlman aləmində də mühüm rola malikdir – Pakistan Müsəlman İnstitutu Düşüncə Mərkəzinin rəhbəri (ÖZƏL)
Bakı. Trend:
Azərbaycan təkcə regionda, qlobal arenada yox, həm də müsəlman
aləmində də mühüm rola malikdir.
Bu barədə Trend-ə özəl açıqlamasında Pakistan Müsəlman İnstitutu
Düşüncə Mərkəzinin sədri Sultan Əhməd Sahibzadə deyib.
O qeyd edib ki, hər bir dində başqa bir dinə, onun dəyərlərinə,
müqəddəs yerlərinə hörmət aşılanır:
“Lakin Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında
saxladığı dövr ərzində vandallıq aktları törədib. Mən Şuşada,
Füzulidə və işğaldan azad edilən ərazilərdə olmuşam. Gördüyüm
dağıntılar qarşısında şok keçirdim. Başa düşə bilmirəm ki, niyə
məscid dağıdılsın? Məscid insanların öz tanrıları ilə ünsiyyət
saxladığı müqəddəs bir məkandır. Qarabağda ermənilər məscidləri
dağıdıb, orada heyvan saxlayıb. Bunu anlamaq çox çətindir.
Beynəlxalq ictimaiyyət buna reaksiya verməlidir”, – deyə o əlavə
edib.
Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və
G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə
Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin
spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar”
mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə
müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan
həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma
yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq
təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət
təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə
mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində
islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya
mövzularında müzakirələr aparırlar.
Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü
olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq
Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının
Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər
Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini
İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.