
Azərbaycan nəqliyyat infrastukturunun gücləndirilməsi üzərində çalışır – Rəşad Nəbiyev
Bakı. Trend:
Azərbaycan nəqliyyat infrastukturunun gücləndirilməsi üzərində
çalışır və mühüm resurslara sərmayə qoyur.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Transxəzər
Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən
istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi
layihəsi üzrə çoxtərəfli görüşdə deyib.
Onun sözlərinə görə, ASCO və Bakı limanı Xəzər regionunun ən iri
dəniz strukturlarıdır.
“Bundan başqa, Silk Way aviaşirkəti ən iri yük aviaşirkətidir.
Həmçinin ötən il tranzit yük daşımalarında artım 75 faiz olaraq 11
milyon tona çatıb. Biz Bakı-Tbilisi-Qars (BTQ) yolu ilə yük
axınının artırılması üzərində çalışırıq, Bakı limanının
tikintisinin ikinci mərhələsinin layihələndirilməsinin isə bu ilin
oktyabrınadək tamamlanacağı planlaşdırılır”, – o deyib.
Nəbiyev həmçinin bu gün bir gəminin boşaldılmasının 12 saatdan 4
saatadək azaldığını qeyd edib.
“Nəqliyyat infrastrukturumuz demək olar ki, liman, gömrük və
digər strukturlarla inteqrasiya üçün hazırdır. Bu gün biz artıq
Gürcüstan və Qazaxıstandan olan həmkarlarımızla analoji işləri
tənzimləmişik və bu bizə yüklərin çatdırılma müddətini əhəmiyyətli
dərəcədə azaltmağa imkan verib”, – nazir deyib.
O həmçinin bir konteynerin Çindən Gürcüstan ərazisindən keçərək
Azərbaycana çatdırılma qiymətinin 5 min dollardan 3,2 min dollara
düşdüyünü və bu qiymətin yaxın üç il ərzində sabit qalacağını
bildirib.
“Həmçinin Azərbaycan tərəf Boston Consulting ilə birlikdə gömrük
prosedurlarının rəqəmsallaşdırılması üzərində çalışır”, – o əlavə
edib.