Azərbaycan qara və mavidən yaşıla keçir

Bakı. Trend:

Qlobal miqyasda geosiyasətlə yanaşı, dünyanın enerji
marşrutaları, tələbat çeşidi və təminat yolları da dəyişir. Neft və
qaz erası artıq tədricən bitmək üzrədir. Azərbaycan “qara qızıl” və
“mavi yanacaq” ehtiyatları baxımından yaxın əsrlərdə heç bir
problem hiss etməyəcəksə də, ölkəmiz artıq alternativ enerji
istehsalçısına çevrilməkdədir. Eyni zamanda Azərbaycan sürətlə Şərq
və Qərbin “yaşıl enerji” təminatçısına dönmək
niyyətindədir.

Dünyada xam neft və təbii qaz hasilatçılarının liderləri son
illərdə dəyişməz qalsa da, bazarda tələbat və istehalak yönləri,
konyuktur və ən əsası, prioritetlər dəyişib.

Avropa İttifaqı ənənəvi satıcıların bir çoxundan imtina edərək
onların satdıqları xam nefti və təbii qazı geosiyasi maraqlar
baxımından “zəhərli” elan edib. Bu isə təbii ki, “qoca qitə”də
enerji qıtlığı yaratmışdı: mütləq şəkildə alternativ təminat
mənbələri, marşrutların çeşidinin, sayının və istiqamətlərinin
artırılması gərəkdi.

Eyni zamanda, Brüssel xam neft və təbii qazdan tam asılılıqdan
qurtulmaq üçün alternativ, “təmiz” enerjiyə keçidi
sürətləndirib.

Hadisələrin bəhs etdiyimiz məcrası karbohidrogenlərin ənənəvi
satıcısı və neft-qaz bazarının etibarlı, həm də dayanıqlı üzvü kimi
tanınan Azərbaycan üçün ilk baxışdan problemlər yaratmalı idi.

Tam əksinə oldu.

Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma
Memorandumu imzalanıb. Belə ki, əgər ölkəmiz 2021-ci ildə ümumən 19
milyard kubmetr qaz ixrac etmişdiə, bu il həmin rəqəm 24 milyard
kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql
ediləcək.

Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, Avropa
istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində Bakı
onlara birmənalı olaraq yardım etdi və yardım etməkdə davam edəcək.
Üstəlik, Azərbaycan ixrac qaz boru kəmərlərinin sayını artırmaqla
yanaşı, onları genişləndirəcək. Cənub Qaz Dəhlizi marşrutu iki il
əvvəl istifadəyə verilsə də, hazırda bu istiqamətin ciddi
genişləndirilməyə ehtiyacı var.

TANAP marşrutu ilə təbii qaz ixracı 16 milyard kubmetrdən 32
milyard kubmetrə, TAP-da isə 10 milyard kubmetrdən 20 milyard
kubmetrə çatdırılacaq.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropanın 10 ölkəsi
Azərbaycandan əlavə olaraq təbii qaz almaqş istəyini bildirib və
hazırda danışıqlar aparılır.

Fəqət, əsas məsələ Bakının perspektiv planlarıdır.

Ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan,
Macarıstan və Rumıniya Avropa Komissiyasının sədrinin iştirakı ilə
yaşıl enerji və onun ötürülməsinə dair saziş imzaladılar. Sənəd
Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından
ötürmə xəttinin çəkilməsini nəzərdə tutur ki, o marşrutun bir
hissəsi Qara dənizin dibi ilə gedəcək.

Bakının təşəbbüsü ilə reallaşdırılacaq sözügedən marşrut
Avropanın enerji xəritəsində mühüm dəyişikliklərə səbəb olacaq.
Əgər ölkəmiz Avropanın enerji xəritəsini neft və qaz boru
kəmərlərinin inşası ilə artıq dəyişibsə, indi növbə yaşıl enerjini
təmin edəcək elektrik xətlərinindir.

Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində
yaşıl enerji əldə olunacaq ki, nəticədə ölkəmiz beynəlxalq yaşıl
enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Eyni
zamanda, Azərbaycan yaşıl hidrogeni ixrac etməyi planlaşdırır.
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək
enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb
və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha
40 qiqavat potensialı da əlavə etmək olar.

Avropa İttifaqı ölkələri alternativ enerji bazarını
formalaşdırarkən bəzi nüansları mütləq nəzərə almalıdır. Kiçik
ölkələr və ya bazardakı “autsayderldər” özlərini kənardan ciddi
təzyiqə çevrilə biləcək təsirlərdən qorumaq üçün hazırda enerjdi
təminatı müstəvisində aşkar proteksionizmə keçiblər.

Aİ-də bəzi ölkələr iqtisadi mənfəəti əsas məsələ sayır, bəziləri
isə geosiyasəti ön plana çıxararaq ekologiya, standartları
maraqlarına uyğunlaşdırır, hansısa sazişə və ya alyansa qoşulmazdan
əvvəl siyasi dividentləri hesablamağa çalışır.

Çoxsaylı ekspertlərin və analitiklərin bəyanatlarına rəğmən,
dünya sürətlə və asanlıqla ekoloji enerjiyə keçə bilməyəcək. Qlobal
enerji şəbəkələrinin yenidənqurması çox ciddi problemlər yaradacaq,
neft və təbii qaz isə ənənəvi enerji mənbələri qismində dünya
iqtisadiyyatının qan-damar sistemi, habelə geosiyasi düzənin
məhvəri olaraq qalmağa davam edəcək.

Bundan başqa, “qaliblər və məğlublar”la bağlı indi geniş
yayılmış təsəvvürlər də kökündən yanlışdır. Hazırda xam neft və
təbii qaz satışı bazarında lider mövqe tutan ölkələr sürətlə yaşıl
enerjiyə, xüsusilə də alternativ enerjiyə və yaşıl hidrogenə keçidə
start verməsələr, uduzmuş ölkələr arasında olacaqlar. Təbii,
onların satdıqları karbohidrogenlərə tələbat bir müddət artacaq,
lakin orta perspektivə tələbat səviyyəsi aşağı düşəcək, uzaq
perspektivdə isə minimum olacaq.

Ekolji baxımdan təmiz enerji yeni milli və geosiyasi güc
vasitəsinə çevriləcək.

Azərbaycan, ilk baxışdan, tələsir: bəzi ekspertlər iddia edirlər
ki, ölkədə külək, Günəş və su energetikasının inkişafı ilə bağlı
təkliflər hələlik projekt, iddia və ya ehtimal sayıla bilər.

Belə psevdointellektuallar hələ də dərk etmirlər ki, rəsmi Bakı
yeni enerji istehlakı və nəqli texnologiyalarını dövlət
səviyyəsində dəstələməklə bir çox dövlətlərin, o cümlədən inkişaf
etmiş ölkələrin 10, hətta 20 il sonra atacağı addımları, qəbul
edəcəyi qərarları indidən reallaşdırır.

Birinci Dünya Müharibəsi xam nefti strateji məhsula çevirdisə,
İkinci Dünya Müharibəsindən sonra təbii qaz dünya bazarlarında
əhəmiyyətli yer tutmağa başladı.

Xam neft və təbii qaz istehlakının azaldılması da dünyanın
konfiqurasiyasını eyni dərəcədə dəyişəcək. Avropa İttifaqı da
coğrafi baxımdan uzaq, iqtisadi baxımdan “bahalı” satıcılarla
müqayisədə Azərbaycanın əlverişli tərəfdaş olması qənaətinə
gəlib.

Türkmənistan və Qazaxıstanın təbii qazının Avropaya məhz
Azərbaycan vasitəsilə nəql edilməsi eyni zamanda geoenerji qovşağı
qismində önəmini də dəfələrlə artırmaqdadır.

Təmiz, yəni yaşıl energetika sahəsində lider mövqelərin digər
əsas mənbələrindən biri külək turbinləri, Günəş panelləri və s.-nin
istehsalı üçün həlledici əhəmiyyət kəsb edən kobalt, mis, litium,
nikel və digər metalların istehsalı, nəqli və satışı üzərində
nəzarət kimdədirsə, üstünlük həmin dövlətdə olacaq.

Şərqi Çin dənizində gərginliyin artmasından sonra Çinin
Yaponiyaya ən mühüm mineralların ixracatına embarqo qoyması bəhs
etdiyimiz yeni geosiyasi düzənin ilk elementlrəindən sayıla
bilər.

Azərbaycanın yaşıl hidrogen ixracına başlayaraq yeni dünya
iqtisadiyyatındakı “karobhidrogen neytrallığı” strategiyasını
önləməyə başladığı da anlaşılandır. Çünki məz yaşıl hidrogen indi
neft-qaz ixracından əldə edilən gəlirlərin dövlət büdcəsində
əhəmiyyətli yer tutduğu ölkələrə müəyyən müddətdən sonra
“elektrodövlətlər”ə çevrilməyə imkan verəcək.

Ölkəmiz indi Avropa Birliyinə “qara qızıl” və “mavi yanacaq”la
yanaşı, yaşıl enerji də təklif edir.

Qara və mavidən yaşıla keçid sürətləndiyindən, Bakının da
geoiqtisadi önəmi həmin intensivliklə artır.

Qarşıda isə yeni layihələr, marşrutlar və sazişlər var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir