
Azərbaycan və Özbəkistan beynəlxalq yük daşımalarda elektron icazə sisteminin tətbiqinə başlayıb
Bakı. Trend:
Azərbaycan və Özbəkistan ilk dəfə eTIR (elektron icazə sistemi)
əsaslı beynəlxalq yük daşımalarına başlayıb.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Avtomobil
Nəqliyyatı İttifaqının (IRU) tranzit xidmətləri üzrə baş
məsləhətçisi Vaxtanq Zarandiya Transxəzər Beynəlxalq Şərq-Qərb Orta
Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit
gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə bu gün Bakıda
keçirilən çoxtərəfli görüşdə deyib.
Onun sözlərinə görə, bu, gömrük sərhədlərindən keçid prosedurunu
əhəmiyyətli dərəcədə sadələşdirməklə yanaşı, ölkələr arasında əmtəə
dövriyyəsində mühüm artıma səbəb olacaq.
“Bütün ölkələri bu təşəbbüsə qoşulmağa çağırıram, belə ki, “pir
pəncərə” prinsipindən istifadə etməklə yükdaşıma dövlət
sərhədlərindən keçid prosedurunu əhəmiyyətli dərəcədə
sadələşdirəcək və maşınların gömrük məntəqələrində dayanma
müddətini əhəmiyyətli dərəcədə azaldacaq”, – o qeyd edib.
Orta Dəhlizin bütün ölkələrinin IRU iştirakçısı olduğunu nəzərə
alaraq, o cümlədən personalın elektron sənədlərlə iş üzrə təlim
almaları üçün gömrük orqanlarının əməkdaşlarının iştirakı ilə
seminarların keçirilməsi planlaşdırılır.