
Biznes subyektləri və istehlakçılar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi aktual məsələlərdəndir – Orxan Məmmədov
Bakı. Trend:
Bu gün ölkə iqtisadiyyatının bütün sahələrində müşahidə olunan
inkişaf meyilləri, o cümlədən biznes mühitində olan dəyişikliklər
istehlakçıların hüquqlarının qorunması sahəsində də səylərin
artırılmasını şərtləndirir. Həmçinin istehlakçıların hüquqlarının
qorunmasında dünya təcrübəsinin araşdırılması, eləcə də dövlət
orqanları, qeyri-hökumət təşkilatları, biznes subyektləri və
istehlakçılar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi
aktual məsələlərdəndir. Qloballaşma şəraitində müvafiq standartlara
cavab verməyən məhsul və xidmətlərin mövcudluğu hamını narahat edən
problem olaraq qalır.
Trend-in
məlumatına görə, bunu bu gün Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov
“İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu”
mövzusunda Bakıda keçirilən konfransda çıxışı zamanı deyib.
O.Məmmədov vurğulayıb ki, bu gün ölkəmizdə istehlakçıların
mənafelərinin qorunması üçün dövlət tərəfindən müxtəlif
istiqamətlərdə geniş tədbirlər həyata keçirilir. “Qeyd edim ki,
ötən dövr ərzində istehlakçıların hüquqlarının qorunması ilə bağlı
bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara
uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülmüş, bununla
bağlı normativ-hüquqi aktlar təsdiq edilmiş, qanunvericilik bazası
daha da möhkəmləndirilib.
Bu gün ölkəmizdə istehlakçı hüquqlarının müdafiəsi, o cümlədən
daxili bazarın formalaşdırılması və qorunması istiqamətində qarşıya
qoyulan əsas vəzifələrdən biri mövcud tələbatın yerli istehsal
hesabına yüksək keyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir.
Həmçinin, ölkəmizdə istehlakçıların hüquqlarının qorunması
istiqamətində sahibkarların digər maraqlı tərəflərlə əlaqələrinin
genişləndirilməsinin təşviqi üçün daha əlverişli mühitin
yaradılması əsas prioritet vəzifələrdən biridir”, – deyə o qeyd
edib.
O.Məmmədov əlavə edib ki, təqdirəlayiq haldır ki, ölkəmizdə bu
siyasətin həyata keçirilməsində, belə tədbirlərin təşkilində biznes
subyektləri özləri təşəbbüs göstərərək fəal iştirak edirlər.
“Əlbəttə ki, bu cür tədbirlər ölkə iqtisadiyyatının inkişafına
bir töhvədir. Bundan irəli gələrək KOBİA tərəfindən mütəmadi olaraq
ölkəmizdə keçirilən sərgi və yarmarkalarda sahibkarların
iştirakına, o cümlədən mikro və kiçik sahibkarlıq subyektlərinin
istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının
genişləndirilməsinə müvafiq dəstək göstərilməkdədir. Həyata
keçirilən bu kimi tədbirlər zamanı istehlakçıların maraqları nəzərə
alınaraq, biznes subyektlərindən təqdim etdikləri məhsul və
xidmətlərin müvafiq standartlara cavab verməsi tələb olunur.
İstehlakçıların hüquqlarının qorunmasında inzibati tədbirlərlə
yanaşı, istehlakçıların, xüsusilə də sahibkarların
maarifləndirilməsi və digər dəstək tədbirlərinın həyata keçirilməsi
çox böyük əhəmiyyət kəsb edir. Bununla əlaqədar, keyfiyyətli və
müvafiq standartlara cavab verən məhsul və xidmətlərin
istehlakçılara təqdim edilməsi məqsədilə KOBİA tərəfindən istehsal
və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri
üçün müxtəlif maarifləndirici görüş, təlim, seminar və digər bu
kimi tədbirlər təşkil edilir. Bu dəstək və xidmətlər KOBİA-nın
ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən geniş
infrastruktur şəbəkəsi – KOB dostları, KOB inkişaf mərkəzləri və
KOB evləri vasitəsilə həyata keçirilir. Bununla yanaşı, 15 vətəndaş
cəmiyyəti institutunu və biznes assosiasiyaları birləşdirən KOBİA
yanında İctimai Şuranın əsas fəaliyyət gündəliyinə daxil olan
məsələlərdən biri də istehlakçıların hüquqlarının qorunmasında
iştirak etməkdir”, – deyə O.Məmmədov əlavə edib.