
BQXK-ya məxsus avtomobillər yenidən Laçın yolundan keçib (FOTO)
Şuşa. Trend:
Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 8 nəqliyyat
vasitəsi Laçın yolundan keçib.
Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki,
BQXK-ya məxsus minik avtomobillərinin maneəsiz keçidi üçün şərait
yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə
humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir
maneə yoxdur.
Qeyd edək ki, Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı
qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə
vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini
tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa
ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz
aksiyası 93 gündür davam edir.