
Bütün Aİ ölkələri Orta Dəhlizin inkişafında və rəqəmsallaşdırılmasında maraqlıdırlar – BMT rəsmisi
Bakı. Trend:
BMT nəqliyyat sektorunun və infrastrukturun inkişafına xüsusi
önəm verir.
Trend-in məlumatına görə, bu barədə BMT-nin Avropa İqtisadi
Komissiyasının icraçı katibi Olqa Alqayerova Transxəzər Beynəlxalq
Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə
etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə
çoxtərəfli görüşdə deyib.
Onun sözlərinə görə, bu istiqamətdə gömrük-keçid prosedurlarının
rəqəmsallaşdırılmasının sürətləndirilməsi vacibdir.
“BMT rəqəmsallaşma üzrə onlarla vasitəyə malikdir və biz region
ölkələrini dəstəkləməyə hazırıq. Belə ki, Orta Dəhliz çərçivəsində
praktiki olaraq bütün Aİ ölkələri onun inkişafında və
rəqəmsallaşdırılmasında maraqlıdır”, – o deyib.
Alqayerova Azərbaycanın rəqəmsallaşdırma prosedurlarında böyük
nailiyyətlər əldə etdiyini və artıq eCMR və eTIR həllərini uğurla
tətbiq etdiyini bildirib.
“Regionun digər ölkələri ilə rəqəmsallaşmanın əldə olunması yük
daşımalarını daha da sadələşdirməyə, habelə yük daşımalarının
vaxtını azaltmağa imkan verəcək”, – o qeyd edib.
Olqa Alqayerova həmçinin Azərbaycan, Gürcüstan, Özbəkistan,
Türkiyə və digər ölkələrin Orta Dəhlizin inkişafını və ona nəzarət
üzrə müvafiq orqanın yaradılmasını dəstəklədiklərini bildirib.