
DOST Agentliyi və Bakı Dövlət Universiteti arasında birgə fəaliyyət planı imzalanıb
Bakı. Trend:
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və Bakı
Dövlət Universiteti (BDU) arasında imzalanmış anlaşma
memorandumunun icrası üzrə birgə fəaliyyət planı imzalanıb.
Bu barədə Trend-ə BDU-dan məlumat verilib.
Sənədi DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və
BDU-nun rektoru Elçin Babayev imzalayıblar.
Birgə fəaliyyət planı 6 fəaliyyət istiqaməti üzrə 22 tədbiri
əhatə edir.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qeyd edib
ki, birgə fəaliyyət planı qarşılıqlı əməkdaşlığın inkişafına,
təcrübə mübadiləsinin təkmilləşdirilməsinə, sosial təminat və
məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsinə töhfə
verəcək.
Rektor E.Babayev plana uyğun olaraq BDU və DOST Agentliyinin
iştirakı ilə sosial əhəmiyyət kəsb edən istiqamətlərdə yerli və
beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsinin
nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin birgə fəaliyyət planına uyğun olaraq “DOST”
mərkəzlərində yaradılması nəzərdə tutulan “Sosial iş və psixologiya
klinikası”nın əhəmiyyəti qeyd edilib.
DOST Agentliyi ilə Bakı Dövlət Universiteti arasında birgə
əməkdaşlığa dair anlaşma memorandumu ötən ilin aprel ayında
imzalanıb.