İsveç və Fransada islamofobiyanın təzahürləri artmaqdadır – Ombudsman Aparatının rəhbəri

Bakı. Trend:

Müsəlmanlara qarşı şifahi və fiziki təhdidlər ifadə olunur.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan
Haqları Komissiyasının üzvü Aydın Səfixanlı “İslamofobiya
irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və
transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda panel
iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bəzi elit cəmiyyətlərdə islamofobiyanın
təzahürləri müşahidə edilir.

“Bu məqsədli şəkildə aparılır. İsveç və Fransada islamofobiyanın
təzahürləri artmaqdadır. Ayrı-seçkiliyin qurbanları Fransa
siyasətinin qurbanlarına çevrilib. Bütün bunlar ifadə azadlığı
pərdəsi altında həyata keçirilir, lakin bu qəbuledilməzdir.

Ermənistan tərəfindən də işğal zamanı kütləvi şəkildə müsəlman
abidələrinin dağıdılması müşahidə edilib. Bunlar elə məsələlərdir
ki, heç bir zaman unutmamalıyıq və əlimizdən gələni etməliyik ki,
bu kimi hallar bir daha təkrarlanmasın”, – deyə o əlavə edib.

Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və
G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə
Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin
spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar”
mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransın əsas məqsədi
beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan
ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək
üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər,
beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və
qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir,
islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi
ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında
islamofobiya mövzularında müzakirələr aparırlar.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü
olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq
Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının
Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər
Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini
İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir