Meksikada keçirilən festivalda Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub (FOTO)

Bakı. Trend:

Meksikanın paytaxtı Mexiko şəhərində İslam Əməkdaşlığı
Təşkilatına üzv olan ölkələrin Meksikada akkreditə olunmuş
səfirliklərinin təşkilatçılığı və Mexiko şəhərinin Migel Hidalqo
bələddiyəsinin dəstəyi ilə mədəniyyət festivalı keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə bildirilib ki,
Mexiko şəhərinin mərkəzində yerləşən, şəhər sakinləri və çoxsaylı
turistlər arasında populyar olan “Angela Peralta” açıq hava
teatrında keçirilən bu festivalda Azərbaycanın milli mədəniyyəti,
milli geyimləri, dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti
nümunələri, o cümlədən Novruz adət-ənənələri və milli şirniyyatları
təqdim olunub.

Tədbirdə yüzlərlə paytaxt sakini, turistlər, diplomatik korpusun
nümayəndələri, o cümlədən bir sıra ölkənin Meksikadakı fövqəladə və
səlahiyyətli səfirləri, yerli KİV nümayəndələri iştirak
ediblər.

Gün ərzində parka gələn çoxsaylı qonaqlar Novruz bayramı ilə
bağlı adət və ənənələrlə tanış olub, onlara ölkəmizin tarixi, milli
mətbəxi və mədəniyyəti barədə məlumat verilib.

Tədbirdə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
anadan olmasının 100 illiyi ilə əlaqədar xüsusi guşə yaradılıb,
stendi ziyarət edən qonaqlara Ulu Öndərin həyat və fəaliyyəti
barədə məlumat verilib. Həmçinin ölkəmizin əsrarəngiz təbiəti və
Azərbaycan memarlığı barədə şəkillərdən ibarət sərgi nümayiş
etdirilib, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma
və bərpa işlərinə dair materiallar paylanılıb, dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvi və onun əsərləri barədə məlumat
verilib, Azərbaycan milli musiqisi səsləndirilib, qonaqlara milli
mətbəximizin ləziz təamları təqdim olunub.

Tədbirdə həmçinin “İpək Yolu” yerli rəqs qrupu tərəfindən
“Laçın”, “Tərəkəmə”, “Nəlbəki”, “Bülbül” və Azərbaycanın digər
milli rəqsləri nümayiş etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir