
Paşinyan sülh dilini anlamır, erməniləri fəlakətə sürükləyir
Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyanın dünən
İrəvanda keçirdiyi mətbuat konfransı qonşu ölkənin hakimiyyət
dairələrinin normal və konstruktiv siyasəti yox, qarşıdurmanı
seçdiyinə dəlalət edir. Paşinyanın açıqlamaları yekun sülh sazişinə
aparan yolu daha da uzadır, Ermənistanın yeni silahlı təxribatlara
əl atacağının anonsu kimi səslənir. Bu isə İrəvan üçün ağır
nəticələr verəcək.
Adətinə xilaf çıxan Paşinyan bu dəfə mətbuat konfrası
keçiriləcəyi barədə administrasiyasının ilkin açıqlamaları,
komandasının mənsublarının hazırlıq bəyanatları olmadan “qəfil”
tədbirə əl atdı. O, həmişəki ampluasına sadiq qalaraq yenə
mahiyyətlə məzmunu, forma ilə formatı, ağla qaranı qarışdırdı və
yalanı gerçək, gerçəyi də iddialar qismində qələmə verməyə
çalışdı.
Söz oyunlarından geniş istifadə edən Nikol Paşinyan bu dəfə
“innovasiya”lar edərək Rusiya Federasiyasını suçladı, Moskvaya
ünvanlanmış ultimatumlar səsləndirdi və az qala açıq şəkildə bəyan
etdi ki, Fransanın iştirakı olmadan hansısa sənəd imzalamaq
niyyətində deyil.
Ermənistanın baş naziri Azərbaycanla aparılan danışıqlar
prosesində çox ciddi problemlər yarada biləcək açıqlamalar da
verib. Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti operativ
nəzarətində olan ərazilərdə yaşayan ermənilərin nümayəndələri ilə
martın 1-də Xocalıdakı görüşdən sonra prosesi davam etdirmək üçün
rəsmi Bakı yeni görüş təklif etdi.
Amma qarabağlı ermənilərin separatçı liderləri görüşdən imtina
edərək yenə də “müstəqillik”, “milli müqəddəratı təyin etmə hüququ”
və s. kimi absurd şüarçılığa vardılar.
Həmin ifadələri Paşinyan da mətbuat konfrasında faktiki olaraq
təkrarladı. Bu isə Ermənistanın ölkəmizin sərhəd toxunulmazlığı,
ərazi bütövlüyü və suverenliyini şübhə altına alması deməkdir.
Üstəlik, Paşinyanın dünənki bəyanatları qarabağlı erməni
separatçılarının açıqlamalarının az qala sözbəsöz təkrarıdır. Bu
isə Xankəndindəki separatçı rejimin ritorikasının İrəvandan idarə
olunan proses olduğunu göstərir.
“Biz həmişə demişik ki, Dağlıq Qarabağ xalqının hüquqları və
təhlükəsizliyi məsələsi bizim üçün fövqəladə dərəcədə mühüm məsələ,
əsas məqsədlərimizdən biridir. Hesab edirik ki, bu məsələnin
həllində əsas mandat məhz Dağlıq Qarabağda olmalıdır, əsas dialoqu
da onlar Bakı ilə aparmalıdır”, – Paşinyan bildirib.
Halbuki heç bir “Dağlıq Qarabağ xalqı” yoxdur və olmayıb: olan
Azərbaycanın Qarabağ iqtisadi zonasının şimalında məskunlaşmış
ermənilərdir. On minlərlə erməninin də hələ də Azərbaycan
ərazisində yaşaması rəsmi Bakının yürütdyü tolerantlıq və
multikulturalizm siyasətinin təzahürü sayılmalıdır.
Halbuki Ermənistanda, qədim Azərbaycan ərazilərində indi bir
nəfər də soydaşımız qalmayıb. Etnik təmizləmə, kütləvi təqiblər və
soyqırım siyasəti yürüdən Ermənistan yüz minlərlə azərbaycanlını
tarixi torpaqlarından qaçqın salaraq monoetnik dövlətə
çevrilib.
Elə sadəcə bu səbəbdən Ermənistanın ölkəmizdən nə isə tələb
etməyə heç bir hüququ yoxdur.
Bundan başqa, 44 günlük Vətən Müharibəsi ərəfəsində də rəsmi
Bakı qarabağlı ermənilərin Azərbaycanda yaşamlarını davam
etdirmələrinin yollarının müzakirəsi üçün İrəvana dəfələrlə
müraciət etmişdi.
Aldığımız cavab Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə!”
bəyanatı olmuşdu.
Nikol Paşinyanın bitmək bilməyən absurd açıqlamaları, aqressiv
ritorikası və danışıqlar prosesini dayandırmaq istəyi 44 günlük
müharibəni qaçılmaz etdi.
“Qarabağın statusu” ifadəsi tarixə qovuşub. Bu söz birləşməsi nə
2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda, nə də
ötən ilin oktyabrında Praqada və Soçidə keçirilmiş görüşlərin
sənədlərində yoxdur.
Tam əksinə, Ermənistan rəsmən bəyan edib ki, 1991-ci ildə
imzalanmı Almata bəyannaməsinə uyğun olaraq İrəvanla Bakı bir
birlərinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə
tanıyırlar.
Yəni Ermənistan etiraf edib ki, Qarabağ iqtisadi zonası
Azərbaycanın tərkib və ayrılmaz hissəsidir.
İndisə Nikol Paşinyan 44 günlük Vətən Müharibəsinin sonuclarını,
üçtərəfli bəyanatı, Praqa və Soçi görüşlərindəki razılaşmaları
unudaraq sərt ritorikaya əl atıb.
Bu isə qəsdən və bilərəkdən edilən təxribat, Nikol Paşinyanın
yekun sülh sazişinə yox, yeni hərbi əməliyyata hazırolaşması
deməkdir.
Vəziyyət daha da gərginləşərsə və Azərbaycan da RSK-nın nəzarət
altındakı ərazilərdə qarabağlı ermənilərin terror dəstələrinə,
silahlı birləşmələrinə qarşı antiterror əməliyyatına başlayarsa,
məsuliyyət bütünlüklə Ermənistanın, xüsusilə də bu ölkənin baş
naziri Nikol Paşinyanın üzərinə düşəcək.
Rəsmi İrəvanın indi bel bağladığı və çox ümid etdiyi “hami”ləri
isə həmişə olduğu kimi, vəziyyət mürəkkəbləşən kimi erməniləri
meydanda qoyub gedəcəklər.
Onda Ermənistanın vəziyyəti fəlakətli olacaq.