Prezident İlham Əliyevin Almaniyada ermənilərə tanıdığı növbəti sülh şansı sonuncuya çevrilə bilər – Aydın Quliyev

Bakı. Trend:

Son bir həftədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının
Bakı zirvəsindən sonra Almaniya liderləri ilə yüksək görüşlərində
2-ci dəfə Ermənistana sülh şansı tanıdığını bəyan etdi.
Ermənistanla bərabər onun himayədarlarını və beynəlxalq
vasitəçiləri də Ermənistanı bu şansa lazımı qiymət verməsi üçün
təşfiq etməyə çağırdı. Prezident İlham Əliyevin Ermənistana şans
tanıma jestləri aydın hədəflərə və konkret məzmuna malikdir. Açıq
mətnlə deyildi ki, təcavüzkar siyasət nəticəsində Ermənistan öz
gələcəyini müstəqil qurmaq şanslarını itirir və sülh sazişinin
imzalanmayacağı halda ümumiyyətlə dövlətçiliyini itirmək
təhlükəsindədir.

Azərbaycan Prezidenti Ermənistana sülh şansları tanımaqla
dövlətimizin konstruktiv siyasətini bir daha nümayiş etdirir.
Prezident İlham Əliyevin sülh təkliflərinin konstruktivliyi ondadır
ki, bunlar Ermənistanın 32 illik vandal siyasətinin mənfur
nəticələri hələ də “göz dağı” kimi ortada olduğu bir şəraitdə irəli
sürülür. Yəqin ki, Azərbaycanın yerində bir çox başqa ölkələr
olsaydı, ardıcıl sülh mövzusundan yox, nəyin bahasına olursa olsun
Ermənistandan ağır qisaslar alınması barədə danışardılar.
Ermənistan rəhbərliyi və onun havadarları buna da dəyər verməlidir
ki, Azərbaycan lideri onlara sülh şansını çox layiq olduqları bəzi
məlum ağır şərtlərlə hələ irəli sürmür.

Prezident İlham Əliyevin bölgədə sülh gündəminə sadiqliyini
sübut edən başqa bir fakta da baxmaq olar. Belə ki, Prezident İlham
Əliyevin Almaniya görüşlərində Ermənistana növbəti dəfə sülh şansı
tanıdığı bir vaxtda baş nazir Paşinyan bütün sülh prosesinin
konsepsiyasına və məntiqinə zidd açıqlamalarını dövlətin adından
rəsmən təqdim edirdi. Baş nazir Azərbaycanın təklif etdiyi sülh
sazişi mətninə Ermənistana qarşı ərazi iddiası və Qarabağ
ermənilərinin guya gələcək məhvinə əsas yaradılması kimi qiymət
verirdi.

Sözsüz ki, Paşinyanın bu dəyərləndirmələri sülh prosesini pozmaq
və prosesdə Azərbaycanın təşəbbüskar siyasətinə kölgə salmaq
cəhdidir. Lakin Azərbaycan Prezidentinin Brüssel sülh formatını və
Mişelin missiyasını qəbul etdiyini Almaniyada bir daha bəyan etməsi
Paşinyanın bütün əks cəhdlərinin effektini məhf edən
amillərdir.

Prezidentin Almaniya görüşləri vasitəsilə Ermənistana növbəti
sülh şansı tanımasının gücünü artıran başqa bir amil də var. Belə
ki, həm Ermənistan rəhbərliyi, həm də separatçılar Qarabağın erməni
sakinləri ilə Bakının təmaslarına təxribatçı mövqelərini davam
etdirirlər. Bütün dünyanın gözü qarşısında gedən proses budur ki,
Azərbaycan lideri qarşı tərəfə dönə-dönə sülh şansları tanıdığı
halda, separatçıların qondarma qurum təmsilçiləri Azərbaycanla heç
bir inteqrasiya perspektivi tanımadıqlarını bəyan edir,
Ermənistanın baş naziri isə özünə məxsus “müdrik tonla” təmas üçün
Bakıya dəvət olunmuş erməni təmsilçilərinin Bakldan geri sağ
salamat qayıda biləcəklərini şübhə altına alan bəyanat səsləndirir,
dünyada sanki “bir-iki ermənini Bakıya” dərilərini soymağa və ya
girov götürməyə çağırırlar” kimi absurd rəy yaratmaq istəyir.
Halbuki dünya Bakıda azı 40-50 min erməninin hüsur içində
yaşadığını yaxşı bilir.

Son günlər Azərbaycanın Qarabağ bölgəsində məhz separatçıların,
Ermənistanın və sülhməramlıların oynadıqları “trio oyunlar”a
bacmayaraq, Azərbaycan Prezidenti öz sülh təşəbbüskarlığına nə
qədər sadiq, ardıcıl və təmkinli yanaşdığını bir daha təsdiqləyir.
Təsəvvür etmək çətin deyil ki, bu ” trionun” dalda -bucaq yollarla
Xankəndi ermənilərinə silah-sursat daşıdığı bir vaxtda Azərbaycan
lideri bəlkə də son dəfə qarşı tərəfə sülh şansı tanımaqla hansı
fədəkarlığa gedir….

Bütün bunların isə sülh naminə edildiyini hər kəs digər
postmüharibə reallıqlarında olduğu kimi qəbul edəcək….

Aydın Quliyev,
“Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir