Prezident İlham Əliyevin Almaniyaya səfəri əlaqələrin inkişafında yeni mərhələdir – Afət Həsənova

Bakı. Trend:

Prezident İlham Əliyevin Almaniyaya səfərini iki ölkə arasında
əməkdaşlığın inkişafında yeni bir mərhələnin başlandığı kimi
qiymətləndirmək olar.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, səfərin nəticələrinə nəzər saldıqda səfərin
olduqca səmərəli və uğurlu olduğunu, bir çox mühüm görüşlərin
keçirildiyini görmək mümkündür.

“Səfər çərçivəsində dövlət başçımız Almaniya Prezidenti,
kansleri, rəsmi şəxsləri, Almaniyanın aparıcı şirkətlərinin
rəhbərləri və s. ilə olduqca səmərəli görüşlər keçirib. Müzakirələr
qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçib. Mühüm
məqamlardan biri də o oldu ki, Almaniya Prezidenti və kansleri
Azərbaycanla əlaqələrini inkişafında maraqlı olduqları aydın
görünürdü. Bu bir daha onu göstərir ki, Almaniya Azərbaycanla
əməkdaşlığa böyük önəm verir və Azərbaycanı Cənubi Qafqazda əsas
tərəfdaş kimi görür”, – deyə A.Həsənova əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycan yenidən müstəqillik
qazandıqdan sonra siyasi münasibətlər qurduğu ölkələrdən bir də
Almaniya olub.

“İki ölkə arasında diplomatik münasibətlərin qurulması 30 ildən
artıq bir dövrü əhatə edir. Bu müddət ərzində Azərbaycanla Almaniya
arasında bir çox sahələrdə əməkdaşlıq sürətlə inkişaf edib.

Bu gün iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir,
ali səviyyəli dialoq mövcuddur. Prezident İlham Əliyev 2004-cü və
2007-ci illərdə Almaniyaya rəsmi, daha 11 dəfə isə işgüzar səfər
edib. Sonuncu səfər bu il fevralın 16-19-da baş tutub və
dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransında iştirak
edib.

Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar
səfəri iki ölkə arasında münasibətlərin genişləndirilməsinə mühüm
töhfə verəcək, gələcək inkişaf üçün perspektivlər açacaq”, – deyə
A.Həsənova əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir