
QazTrade Azərbaycana ticari missiya təşkil edir
Bakı. Trend:
Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi
Azərbaycana ticari missiya göndərəcək.
Trend-ə diplomatik mənbədən verilən məlumata görə, tədbir 4-6
aprel 2023-cü il tarixlərində keçiriləcək.
Missiyanın əsas məqsədi Qazaxıstan müəssisələrinə azərbaycanlı
tərəfdaşları, potensial ixracatçılar, idxalçılar və distribüterlər
ilə əlaqə qurmağa imkan yaratmaqdır. Mənbənin verdiyi məlumata
görə, QazTrade missiyanın işə salınmasının Qazaxıstanın müəssisələr
şəbəkəsini genişləndirəcəyinə və iki ölkə arasında iqtisadi
münasibətlərin inkişafına şərait yaradacağına ümid edir.
QazTrade hər şirkətdən bir nəfər iştirakçının xərclərini
qarşılayacaq və maraqlı müəssisələrə şirkətlərini təmsil edəcək
nümayəndəni irəli sürməyi təklif edir.
2006-cı ildən etibarən fəaliyyət göstərən QazTrade Qazaxıstan
müəssisələrinə fəaliyyətlərini genişləndirmələrində köməklik
göstərmək və beynəlxalq əməkdaşlığa şərait yaratmaq məqsədi
daşıyır. QazTrade ümummilli ticarət sisteminin məsələlərini öyrənir
və aşkarlayır, həmçinin Qazaxıstanın ticarət siyasətinin
reallaşdırılmasında iştirak edir.