Üçtərəfli bəyanatda Moskvanın Qarabağla bağlı təminat verdiyi qeyd olunmayıb – Rusiya qəzeti Paşinyanı təkzib edir

Bakı. Trend:

Rusiyanın “Kommersant” qəzetində Ermənistanın baş naziri Nikol
Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata dair
sözlərini təkzib edən məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, dünənki mətbuat konfansında Paşinyanın
Qarabağda təhlükəsizliyin qarantının Rusiya Federasiyası olduğuna
dair tezisi “yetərincə gözlənilməz” səslənib.

“Qeyd etmək lazımdır ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli
bəyanatda Rusiya tərəfindən Qarabağla bağlı təminata dair heç bir
xatırlatma yoxdur”, – materialda deyilir.

Məqalədə Paşinyanın Ermənistanın təkcə Rusiyaya bel bağlaya
bilməyəcəyinə dair sözlərinə istinad olunur.

“Biz qeyd etməliyik ki, mövcud təhlükəsizlik arxitekturası işə
yaramadı. Dürüst olmaq lazımdırsa, biz onun işə yaramayacağını
bilirdik”, – deyən Paşinyan öz hakimiyyətinin “hərbi-siyasi sferada
çox sayda digər ölkələrlə əməkdaşlığı tənzimləməyə çalışdığını”
etiraf edib. O inandırıb ki, Moskva bu cəhdlərdən xəbərdardır.

Bununla belə, Nikol Paşinyanın fikrincə, 2020-ci ilin payızında
Ermənistan müttəfiqləri tərəfindən yetərincə kömək almadığı üçün
deyil (halbuki o daha əvvəl bu faktora dəfələrlə eyham vurmuşdu),
orduda “beşinci kolon fəaliyyət göstərdiyi” üçün məğlub olub. O
söhbətin məhz kimdən getdiyini konkret olaraq göstərməyib”, –
qəzetdə yazılır.

Daha sonra “Kommersant” yazır: “Nikol Paşinyan “beşinci kolon”
olaraq görünür, erməni əsilli nüfuzlu rus media menecerləri
Marqarita Simonyan və Aram Qabrelyanovu, həmçinin Dövlət Dumasının
deputatı Konstantin Zatulini hesab edir.

O jurnalistin sualını cavablandırarkən bu insanların Ermənistana
girişinin həqiqətən qadağan olunduğunu ilk dəfə təsdiqləyib.
“Ermənistan suveren dövlətdir və özünə qarşı hörmət gözləmək,
maraqlarına qarşı qəsdlərin qarşısını almaq üçün suveren vasitələr
tətbiq etmək hüququna malikdir”, – o açıqlayıb. — O cümlədən xalq
tərəfindən seçilmiş hakimiyyətə qarşı hörmət nümayiş
etdirilməlidir”. Söhbət Azərbaycanla sülh sazişi üzrə danışıqlara
gəldikdə isə Paşinyan aydınlıq gətirib ki, qərb formatlı
tənzimləməyə sadiqdir və qısa müddətdə rus formatına keçidi
gözləməyə dəyməz”, – materialda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir