Ağstafanın sərhədyanı kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına
uyğun olaraq Ağstafa rayonunun sərhədyanı bölgədə yerləşən 3
kəndinin içməli su təchizatı yaxşılaşdırılır. Dövlət investisiyası
hesabına həyata keçirilən layihə Köhnəqışlaq, Tatlı və Yaradullu
kəndlərini əhatə edir. Bu kəndlərdə indiyə qədər mərkəzləşdirilmiş
içməli su təchizatı sistemləri mövcud olmayıb. Köhnəqışlaq kəndində
bulaqlardan, Tatlı və Yaradullu kəndlərində isə suvarma üçün
nəzərdə tutulan subartezian quyularından istifadə edilib. Əhali
içməli suya olan tələbatını uzaq məsafədən daşımaqla ödəyib.

“Azərsu” ASC-dən Trend-ə bildirilib ki, təsdiqlənmiş layihəyə
uyğun olaraq Köhnəqışlaq kəndinin su təchizatı mövcud bulaqdan,
Tatlı və Yaradullu kəndləri isə yeni qazılacaq subartezian
quyularından veriləcək. Layihə çərçivəsində nasos stansiyaları və
su anbarları, əhalinin ümumi istifadəsi üçün bulaqların inşası
nəzərdə tutulub. Hazırda 5,9 km magistral və 38 km şəbəkə su
xətlərinin tikintisi yekunlaşmaq üzrədir, nasos stansiyalarının və
anbarların tikintisi davam etdirilir. Ağstafa rayonunun 3 kəndində
əhalinin ümumi istifadəsi üçün 256 ədəd bulağın quraşdırılması
nəzərdə tutulub.

Tikinti quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa
çatdırılması nəzərdə tutulur. Layihənin icrası Ağstafa rayonunun 3
kəndində 4 minədək sakinin içməli su təchizatının
yaxşılaşdırılmasına imkan yaradacaq. Qeyd edək ki, Ağstafa rayonu
ilə yanaşı hazırda Qazax, Tovuz və Neftçala rayonlarının kənd və
qəsəbələrində içməli su layihələri həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir