
AHİK-də “Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub (FOTO)
Bakı. Trend:
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsinin (ATİAHİ RK) təşəbbüsü ilə çap olunmuş “Qəhrəman təhsil
işçiləri” kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil
nazirinin müavini Firudin Qurbanov, “Yaşat” Fondunun İdarə
Heyətinin üzvü Şair Ramaldanov və müharibə iştirakçısı olmuş təhsil
işçilərinin iştirak etdiyi tədbirdə əvvəl Azərbaycanın ərazi
bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Ardınca 44 günlük Vətən müharibəsində şəhid olmuş təhsil
işçilərinin xatirəsinə həsr olunmuş video-çarx nümayiş olunub.
Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki,
Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək
məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham
Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən etibarən Zəfər
yürüşünə başladı: “Qırx dörd gün davam edən hərbi əməliyyatlar
nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu
istehkamları və silahlı qüvvələrini darmadağın etdi. Müzəffər
Ordumuz 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü göstərdi.
Düşmən məğlubiyyətini etiraf etdi, kapitulyasiyaya uğradı. Nəticədə
Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə
birdəfəlik son qoyuldu”.
AHİK sədri qeyd edib ki, Vətən müharibəsində 760 nəfərdən çox
təhsil işçisi döyüşlərə qatılıb: “Onlardan 21 nəfəri şəhid olub.
Vətən müharibəsində canından keçmiş bütün şəhidlərimizin xatirəsini
bir daha ehtiramla anır, onların ruhu qarşısında baş əyirik.
Azərbaycan xalqı onların əziz xatirəsini hər zaman uca tutacaq”
Onun sözlərinə görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi tərəfindən tərtib olunan “Qəhrəman
təhsil işçiləri” kitabı ikinci Qarabağ müharibəsində silaha sarılan
təhsil işçilərinə həsr olunub: “Hesab edirəm ki, bu kitabın çap
edilməsi döyüşlərdə həlak olmuş şəhid təhsil işçilərinin
xatirəsinin əbədiləşdirilməsi, müharibədə iştirak etmiş ittifaq
üzvlərinin keçdiyi nümunəvi döyüş yolunun gələcək nəsillərə təbliği
və onlarda milli vətənpərvərlik hissinin inkişaf etdirilməsi
baxımından faydalı olacaq”.
Sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov,
polkovnik Şair Ramaldanov və başqaları çıxış edərək Ordumuzun
şücaətindən, gənclərimizin vətənpərvərliyindən danışıblar.