
Almaniya və Azərbaycanın hərtərəfli əməkdaşlığı hər iki tərəf üçün olduqca faydalıdır – Rauf Əliyev
Bakı. Trend:
Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya
münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı
olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin
13-14 mart tarixində Almaniya Federativ Respublikasına işgüzar
səfəri zamanı Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə,
Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə və
Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşmüşdür. Cənab
Prezident bu görüşlərdə bir çox məsələlrə münasibət bildirmiş və
mühüm mesajlar vermişdir. Azərbaycanda iqtisadiyyatın mövcud
vəziyyəti barədə məlumat verərkən bildirilmişdir ki, son 20 ildə
iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu, dünya rekordu hesab
oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması
strategiyasına əsaslanaraq, xarici borcumuzun azaldığı və 2023-cü
il yanvarın 1-nə olan məlumata görə, ÜDM-in 10 faizindən aşağı
oluğu bldirilmişdir.
Azərbaycanın Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş
olduğu bildirilərək qeyd olunmuşdur ki, Avropada yeni mənbələrdən
təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər
imkanlarımızı genişləndirməyi planlaşdırırıq. Azərbaycan xüsusilə
16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10
milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək
genişləndirməyi planlaşdırır. Bu, əsasən Avropadan tələbatın
artması ilə əlaqədardır. 3500 kilometr uzunluğu olan, 3 kəmər
sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş
kəmərin indi genişlənməyə ehtiyacı var. Azərbaycanda bərpaolunan
enerji mənbələrinin böyük potensialı olduğunu bildirən cənab
Prezident qeyd etmişdir ki, Azərbaycanda külək və günəş enerjisi
mənbələrinin potensialı 200 qiqavata yaxındır. Hazırda biz nəinki
xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən, həmin
enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını
da yaradırıq.
Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafından
danışılararkən bildirilmişdir ki, bu istiqamətdə çox önəmli
addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan
arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji
tərəfdaşlığa dair anlaşma Memorandumu bu əlaqələrin daha da inkişaf
edəcəyindən xəbər verir. Memorandumun icrası və sürətlə icrası,
vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün
etibarlı tərəfdaşdır.
Azərbaycan – Ermənistan münasibətlərinə toxunan cənab Prezident
qeyd etmişdir ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz
qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın
20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı
Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və
qaçqın-köçkün vəziyyətinə düşmüşdür. İndi sülhün zamanı çatıbdır.
Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif
edib. Ermənistan bu şansı qaçırmamalıdır. Cənubi Qafqazda sülh və
əməkdaşlıq dövrü başlamalıdır.
Qeyd olunmuşdur ki, Almaniya biznesi tərəfindən Azərbaycana və
Azərbaycan iqtisadiyyatına böyük diqqət ayrılır. Bərpaolunan enerji
növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl
imkanlar var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157
qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Gələcəkdə
Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac
edən ölkəyə çevriləcəkdir. Almaniya iqtisadi inkişaf baxımından
Avropa məkanında aparıcı rol oynayır. Avropada ən böyük, Ümumi
Daxili Məhsulun həcminə görə dünyada dördüncü ən böyük
iqtisadiyyatdır. Hazırkı səfər Azərbaycan-Almaniya münasibətlərinin
daha da inkişaf etdirilməsinə xidmət edəcək. Siyasi, iqtisadi,
mədəni, humanitar istiqamətlərdə yeni əməkdaşlıq platformaların
yaranma ehtimalı yüksəkdir. Digər tərəfdən nəqliyyat və enerji
sahəsində bu gün Azərbaycanın qlobal təşəbbüsləri göz önündədir.
Bura həm Cənub Qaz Dəhlizi, eləcə də Orta Dəhliz və Zəngəzur
dəhlizi aiddir. Həmçinin, Qara dənizin dibi ilə “yaşıl enerji”
dəhlizinin formalaşması böyük bir coğrafiyada təhlükəsizliyin,
sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş
təşəbbüslərdir.
Hesab edirəm ki, Prezidentin Almaniya səfəri ikili münasibətlərə
təkan verəcək. Bundan başqa, Almaniya ilə Azərbaycanın hərtərəfli
əməkdaşlığı hər iki tərəf üçün olduqca faydalıdır. Eyni zamanda,
Qarabağda yenidənqurma və quruculuq işlərinin getdiyi bir vaxtda
almaniyalı iş adamları və biznesmenlərilə Prezident İlham Əliyevin
görüşü, eləcə də ölkəmizin iqtisadi dividendliyi və işğaldan azad
edilən bölgələrin turizm potensialı ilə bağlı təqdimatın
keçirilməsi vacib əhəmiyyətə malikdir. Bu, həm də bərpa-quruculuq
işlərinə Alman şirkətlərinin cəlb edilməsi baxımından önəmlidir.
Ümumilikdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya münasibətlərinin
inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq.
Milli Məclisin deputatı,
Rauf Əliyev