Azərbaycan həmişə haqqın tərəfdarı olub – Allahşükür Paşazadə

Bakı. Trend:

Azərbaycan həmişə haqqın tərəfdarı olub. Azərbaycan “İslam
həmrəyliyi ili”, “Mültikulturalizm ili” elan etdi və bu o demək idi
ki, Azərbaycan İslam dəyərlərinə böyük önəm verir.

Trend-in
məlumatına görə, bunu Qafqaz Müsəlamnları İdarəsinin sədri
Allahşükür Paşazadə Bakıda “İslamofobiya irqçiliyin və
ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli
çağırışlar” mövzusunda beynəlxalq konfrans zamanı jurnalistlərə
açıqlamasında deyib.

A.Paşazadə qeyd edib ki, bu gün islamofobiya həqiqətən dünyada
mühüm məsələlərdən biridir.

“Bu gün görürük ki, Avropada ikili münasibətlər var. Misal üçün
müsəlman miqrantlara başqa münasibət bəsləyirlər, xristian
miqrantlara başqa münasibət. Xristian miqrantlar üçün bütün şərait
yaradılır, ancaq müsəlman miqrantlar illərlə gözləyirlər. Bu ikili
münasibət aradan götürülməlidir, bütün insanlar Allah qarşısında
bərabərdir”, – deyə o qeyd edib.

A.Paşazadə vurğulayıb ki, Avropa dövlətləri insan haqlarından
danışırlar, ancaq özləri onu pozurlar. “Azərbaycan bununla bağlı
həmişə öz sözünü deyib və bu gün bu konfransın təşkil olunması
olduqca mühümdür. Biz dünyaya bəyan edirik ki, biz sülhün
tərəfdarıyıq. 30 il erməni işğalı altında qalmış torpaqlarımızda
məscidlərimizin, ziyarətgahlarımızın dağıdılması islamofobiyanın
təzahürüdür. Bu, İslama qarşı bir genosiddir”, – deyə o əlavə
edib.

Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və
G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə
Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin
spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar”
mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə
müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan
həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma
yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq
təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət
təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə
mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində
islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya
mövzularında müzakirələr aparırbar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir