Azərbaycan zəlzələdən dağılan ərazilərin yenidən qurulmasında Türkiyəyə dəstəyi davam etdirəcək – Ceyhun Bayramov
Bakı. Trend:
Azərbaycan bundan sonra da dağıntılara məruz qalmış ərazilərin
yenidən qurulmasında Türkiyə Respublikasına dəstəyi davam
etdirəcək.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu
xarici işlər naziri Ceyhun Bayramov bu gün Türk Dövlətləri
Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Türkiyənin
paytaxtı Ankara şəhərində keçirilən iclasında deyib.
C.Bayramov, bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə
keçiriləcək TDT-nin fövqəladə Zirvə Görüşünün 6 fevral 2023-cü ildə
Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra qardaş Türkiyə ilə
həmrəylik nümayiş etdirmək məqsədi daşıdığını bildirib.
Zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində
beynəlxalq ictimaiyət, o cümlədən TDT-yə üzv və müşahidəçi
dövlətlər tərəfindən qısa müddət ərzində axtarış və xilasetmə
dəstələrinin, habelə humanitar yardımların göndərilməsinin böyük
mənəvi əhəmiyyət daşıdığı qeyd olunub. Bu xüsusda, fəlakətin baş
verdiyi ilk andan etibarən qardaş Türkiyənin yanında olan
Azərbaycanın, bundan sonra da dağıntılara məruz qalmış ərazilərin
yenidən qurulmasında Türkiyə Respublikasına dəstəyi davam
etdirəcəyi diqqətə çatdırılıb.