
Azərbaycanın islamofobiya ilə mübarizədə kifayət qədər təcrübəsi var – Mehman İsmayılov
Bakı. Trend:
Martın 15-də, Beynəlxalq İslamofobiya ilə Mübarizə Günündə
Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması
kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq
konfransın işə başlaması çox təqdirəlayiq addımdır.
Bunu Trend-ə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı
direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov
deyib.
O qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM),
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası
Dialoq Forumunun təşkil etdiyi və iki gün davam edən bu tədbirdə
dünyanın müxtəlif ölkələrindən ziyalılar, beynəlxalq təşkilatların
ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının üzvləri
iştirak edib.
“Dünyəvi dövlət modelinə və zəngin mədəni-dini tarixə sahib
olan, həmçinin, müasir tolerant dəyərlərin inkişafı yolunu seçən
ölkəmizin dünyada günü-gündən artan islamofobiya ilə mübarizədə
kifayət qədər təcrübəsi var. İki gün davam edən konfransda
islamofobiyanın səbəbləri, onun yaratdığı problemlər, Qərbdə
islamofobiyanın təzahürləri, onunla mübarizədə birgə əməkdaşlıq və
s. kimi mövuzlar müzakirə olunub, ekspertlər tərəfindən məsələnin
həlli istiqamətində maraqlı təkliflər irəli sürülüb.
Beynəlxalq konfransda müzakirə olunan xüsusilə iki məsələ
günümüzdə çox aktualdır, beynəlxalq səviyyədə müzakirəsi və həllinə
böyük ehtiyac var. Bunlardan biri uzun illərdir Azərbaycana qarşı
işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın təqribən son otuz
il ərzində Azərbaycana məxsus məscidlərə və digər İslam abidələrinə
qarşı vandal münasibəti, həmçinin, İslam irsinə vurduğu ziyan,
ikincisi isə Fransada hər keçən gün daha da artan islamofobiya
təzahürləri və dövlət səviyyəsində buna verilən dəstəkdir”, – deyə
o qeyd edib.
M.Hüseynov bildirib ki, Ermənistan Vətən müharibəsində ilk
gündən müxtəlif vasitələrdən istifadə edərək müharibəyə “din donu”,
“mədəniyyət donu” geyindirməyə çalışırdı.
“Özünü Qafqazda xristian mədəniyyətinin son qalası kimi təqdim
edərək müharibədə dönüş yarada biləcəyinə ümid bəsləyirdi.
Havadarlarının dəstəyi ilə islamofobiya amilindən də istifadə
etməklə dünya ictimaiyyətini Azərbaycan əleyhinə yönəltməyə
çalışır, “islam terrorçuları”, “kilsənin vurulması”, “müsəlman
Türkiyə” və s. kimi ifadələrin dünya mediasında yayılmasına səy
göstərirdi. Lakin Azərbaycan dövlətinin bu günə qədər apardığı din
siyasəti, ölkəmizdə tarixən formalaşan tolerant dini ənənə və
cəmiyyətimizin dünyəvi prinsiplərə əsaslanması onların bu səylərini
tamamilə boşa çıxardı.
İkinci məsələyə gəldikdə, son illər Avropada və dünyada
islamofobiyanın ən çox təzahür etdiyi ölkələrin başında Fransa
gəlir. Çox təəssüf ki, birbaşa rəsmi şəxslərin dilindən çıxan və
media vasitəsilə təbliğ olunan islamofob çağırışlar ölkədə bu
məsələnin daha da dərinləşməsinə gətirib çıxardıb. 2022-ci ildə
Fransa İnsan Haqları üzrə Milli Məsləhət Komissyasının (CNCDH) dərc
etdiyi hesabatda ölkə əhalisinin 38 faizinin İslamı Fransanın
kimliyinə “təhdid” olaraq görüdüyü bildirilir. Televiziya
proqramlarında müsəlmanların hədəf göstərildiyi, onlara aid
marketlərin yağmalandığı, hətta Türkiyədə baş verən son 100 ilin ən
böyük təbii fəlakəti olan və on minlərlə insanın öldüyü dəhşətli
zəlzələni “tanklara ehtiyac qalmadı” karikaturası ilə ifadə edən
bir ölkənin, həm də çox təəssüf ki, keçmişində humanist dəyərlər
üçün böyük mücadilələrin verildiyi ölkənin bu məsələdə sərgilədiyi
mövqe heç başa düşülən deyil. Mədəni və mənəvi irslə bağlı
beynəlxalq təşkilatların yerləşdiyi bir ölkənin ermənilər
tərəfindən dağıdılan, tamamilə yox edələn Azərbaycandakı İslam
abidələri ilə bağlı bu günədək hər hansı bir reaksiyasının olmaması
da təəssüf doğurur.
Beynəlxalq tədbirdə söylənilən fikirlər, irəli sürülən təkliflər
bir daha onu göstərdi ki, şərqlə qərb, islamla xristian dünyası
arasında körpü rolu oynayan və bu rolunu getdikcə artıran ölkəmizdə
bu cür beynəlxalq tədbirlərin keçirilməsi belə problemlərin
müzakirəsi və həlli baxımından vacibdir”, – deyə o əlavə edib.