Azərbaycanın zəfəri Qərb mətbuatında qısqanclıq hissi ilə dərc edilirdi – İraqlı ekspert

Bakı. Trend:

İkinci Qarabağ müharibəsi iki ölkə arasında köklü dəyişikliklərə
səbəb oldu.

Trend-in məlumatına görə, bu barədə İraqın Strateji Araşdırmalar
üzrə Respublika Mərkəzinin sədri Mats Muhi Əbdülhəmid “İslamofobiya
irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və
transmilli çağırışlar” mövzusunda bu gün Bakıda keçirilən
beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Ermənistan Azərbaycanın torpaqlarını 30 il işğal
altında saxlayıb.

“Azərbaycanın qazandığı zəfər Qərb mətbuatında qısqanclıq hissi
ilə dərc edilirdi. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi
kütləvi qırğınlar onların necə qəddar olduqlarının
göstəricisidir.

İslamofobiya hazırda dünyada geniş formada yayılıb. Müsəlmanlara
qarşı yürüdülən ikili siyasət hər birimizi narahat edir. Qərb
dövlətlərinin bəzisi İkinci Qarabağ müharibəsində də Ermənistanı
dəstəkləyirdi, baxmayaraq ki, o təcavüzkar dövlət idi. Təəssüflər
olsun ki, Qərb mediası bu məsələdə Azərbaycanı dəstəkləmirdi. Buna
sanki müsəlman və qeyri-müsəlman müharibəsi kimi yanaşırdılar.
Onlar heç Qarabağda dağıdılan məscidlərdən yazmırdı. Mən özüm
Qarabağda məscidlərin ermənilər tərəfindən dağıdılmasına, müxtəlif
təhqirlərə məruz qalmasına şahid oldum. Ermənilər hətta öz
dağıtdıqları kilsələri belə Azərbaycanın hərəkəti kimi göstərməyə
çalışdı”, – deyə o əlavə edib.

Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və
G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə
Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin
spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar”
mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə
müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan
həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma
yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq
təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət
təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə
mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində
islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya
mövzularında müzakirələr aparırlar.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü
olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq
Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının
Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər
Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini
İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir