
Bakı konfransında “İslamofobiya və mediada nifrət çağırışları” mövzusu müzakirə edilib
Bakı. Trend:
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq
Forumunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İslamofobiya
irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və
transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində
“İslamofobiya və mediada nifrət çağırışları” adlı aralıq sessiya
keçirilib.
Trend xəbər verir ki, Azərbaycan Televiziyasının sədr müavini
Rüfət Həmzəyevin moderatorluğu ilə keçirilən aralıq sessiyada çıxış
edən “TRT World” Araşdırma Mərkəzinin direktoru Tarık Çerkaui son
30-40 il ərzində islamofobiya sahəsində çox tədqiqatların
aparıldığını deyib. Bildirib ki, bu tədqiqatlar faydalı olması ilə
yanaşı, məhdud idi. İslamofobiya indi geniş vüsət alıb. Artıq biz
tam fərqli səviyyəyə çıxmalıyıq. İslamofobiyanın mövcudluğu artıq
faktdır. Tədqiqatlarda biz məhz medianın bunu necə qələmə verdiyinə
baxmalıyıq.
Tarık Çerkaui, həmçinin bildirib ki, mövcud olan çərçivələr
dərin kök salmış inanclar üzərindən qurulub. İnanc və miflər
istənilən cəmiyyətdə formalaşıb. Zaman keçdikcə əsas çərçivə
müəyyən prisinplərə bağlı olur. Bunlar insanların şüurunda dərin
kök salır. “Azərbaycanda və digər ölkələrdə islamofobiya ilə
mübarizə istiqamətində müxtəlif tədbirlər keçirilir. Amma, eyni
zamanda, bununla bağlı media sahəsindəki insanlarla təlimlər təşkil
edilməlidir”, – deyə Tarık Çerkaui qeyd edib.
Niderlanddan Media və Kommunikasiya üzrə professor, Qlobal Media
və Kommunikasiya üzrə Proqram Direktoru İdil Osmanın sözlərinə
görə, İslamın şeytan cildinə salınmasının şahidi oluruq. O diqqətə
çatdırıb ki, 11 sentyabr terror aktları qərb mediasında İslam dini
ilə bağlı düşüncələri alt-üst elədi. İslam dini fərqli şəkildə
qələmə verildi. Müsəlmanların Qərbi məhv etmək, onun mədəniyyətini
dağıtmaq istədikləri düşünülür. Onlar fikir azadlığına bir təhdid
kimi görülür.
İslamofobiyaya qarşı mübarizə yolları barədə fikirlərini
səsləndirən İdil Osman qeyd edib ki, qeyri-müsəlman icmaları ilə
daha çox əməkdaşlıq etmək lazımdır. Eyni zamanda, müsəlman
cəmiyyətləri ilə də əlaqələr daha da genişləndirilməlidir:
“Praktiki olaraq daha çox müsəlman mediasının nümayəndələri Qərbə
getməli, orada çalışmalıdırlar. Bu məsələdə sosial media
plaftormalarının da əhəmiyyəti olduqca böyükdür. Bundan maksimum
faydalanmalıyıq. Müsəlman icmaları ilə kütləvi şəkildə
işlənilməlidir”, – deyə İdil Osman vurğulayıb.
Qətərdən olan Baş araşdırma mütəxəssisi Kərim Məcri müxtəlif
ölkələrdə islamofobiyaya qarşı mübarizədə daha çox qabaqlayıcı
tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Deyib ki, bu, daha
səmərəli yanaşma hesab olunur. İnsanların inancları başqalarının
inancları ilə müqayisədə aşağılanmamalıdır. Ona hörmətlə
yanaşılmaldır.
“Düşünürəm ki, gənc müsəlmanlara daha çox dəstək vermək
lazımdır. Onlar media sahəsində daha aktiv olmalıdırlar.
Müsəlmanlar hazırkı günümüzdə bir çox ölkədə yaxşı vəzifələr
tutmağa başlayıblar. Etik jurnalist düzgün və dürüst reportaj
hazırlamalıdır. Jurnalistlər məlumatı araşdırmalı, dəqiqliyə əmin
olmalıdırlar. Media nümayəndələri savadsızlıq nümayiş
etdirməməlidirlər. Yaydıqları məlumatların nə kimi nəticələr
verəcəyini öncədən müəyyənləşdirməlidirlər. Jurnalistlər öz
xidmətlərinin məsuliyyətini başa düşməlidirlər”, – deyə Kərim Məcri
diqqətə çatdırıb.
ADA Universitetində Media və Kommunikasiya üzrə proqram
direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, Azərbaycanda din
dövlətdən ayrıdır, buna baxmayaraq, dinlə məşğul olan adamlar
dövlətə daim ehtiramını bildirib, ona sadiq olublar. Son illər
ərzində Azərbaycan dinlə bağlı fəaliyyətlərini davam etdirməsi üçün
dindarlara hər bir şəraiti yaradıb.
Onun sözlərinə görə, Qərb mediasında 2011-2015-ci illərdə
hansısa təcavüzü müsəlman törətsəydi bu beş dəfə daha çox
qabardılırdı və cəmiyyətdə müsəlmanlara qarşı gərginliklər
yaradırdı Bu sahədə ekspertlər iş görməli, təhlillər
aparmalıdırlar. “Qurani-Kərim”in yandırılması, Məhəmməd peyğəmbərin
karikaturalarının çəkilməsinə fikir azadlığı demək olmaz. İfadə
azadlığı qorunarkən digər insanların haqları alçaldıla bilməz.
Təhqiramiz hərəkətlər mütləq cəzalandırılmalıdır.
Şəfəq Mehrəliyeva, həmçinin müsəlman jurnalistlərin daha çox
maariflənmələrinin və tədqiqatlar həyata keçirmələrinin vacibliyini
qeyd edib.
Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar Qərbi
azərbaycanlıların türk və müsəlman olduğuna görə öz dədə-baba
yurdlarından ermənilər tərəfindən qovulduğunu vurğulayıb. Qeyd edib
ki, azərbaycanlılar indiki Ermənistan ərazisindən bir neçə dəfə
didərgin salınıb, öldürülüb, işgəncələrə məruz qalıblar.
İslamofobiyaya misal olaraq Qərbi Azərbaycanda 300-ə yaxın
dağıdılmış məscidi göstərmək olar. “Didərgin düşmüş insanlar sülh
yolu ilə öz torpaqlarına qayıtmaq istəyirlər. Bununla bağlı dünya
ictimaiyyətinə, həmçinin Ermənistan baş naziri Nikol Paşinyana
müraciət ünvanlamışıq. 1988-ci ildə 300 min azərbaycanlının 11 gün
ərzində Qərbi Azərbaycandan qovulması sadəcə dəhşətdir. Ermənistan
bu insanların öz yurdlarına qayıtmasını istəmir və insan
hüquqlarının pozulduğunu nümayiş etdirir, onların mediası da səhv
məlumatlarla Qərb ictimaiyyətini yanlış yönləndirir”, – deyə
Ülviyyə Zülfiqar diqqətə çatdırıb.
Sessiyada iştirakçıları maraqlandıran suallar
cavablandırılıb.