Bakıda bu yollar bağlanacaq

Bakı. Trend:

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ölkə ictimaiyyətinə
bildirir ki, paytaxtda keçiriləcək növbəti Formula 1 Azərbaycan
Qran Prisi çərçivəsində yarış həftəsi ərzində trekin əhatə etdiyi
bəzi yollar əhalinin istifadəsi üçün açılacaq.

Şirkətdən Trend-ə verilən məlumata görə, yarış zolağının
Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalına qədər
olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən
Azərbaycan prospektinə qədər olan hissəsi bazar ertəsi 24 aprel
tarixindən şənbə günü 29 aprel tarixinədək müəyyən saatlarda
nəqliyyatın hərəkətinə açıq olacaq.

Belə ki, 24-25-26 aprel tarixlərində səhər saatlarında 07:00-dan
09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən
yollarda (Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalına
qədər olan hissəsi və İstiqlalliyət küçəsinin Şeyx Şamil küçəsindən
Azərbaycan prospektinə qədər olan hissəsi) nəqliyyatın hərəkəti
dayanma və durma olmadan sərbəst olacaq.

27 aprel tarixində Neftçilər prospektinin Azneft dairəsindən
Dəniz Vağzalına qədər olan hissəsi səhər saatlarında 07:00-dan
09:00-dək, axşam saatlarında isə 20:00-dan 22:00-dək açıq olacaq.
28-29 aprel tarixlərində isə nəqliyyatın hərəkəti yalnız axşam
saatlarında 20:00-dan 22:00-dək mümkün olacaq.

BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit
korridoru kimi istifadə ediləcək. Maşınların burada dayanması və ya
parkinqi təhlükəsizlik baxımından qadağandır. Bundan başqa, həmin
yollarda yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna
edilir.

Qeyd edək ki, sözügedən yollarda sürət həddi 50 km/saat olaraq
müəyyən edilmişdir.

Bu yollardakı nəqliyyatın hərəkətini BŞH və aidiyyəti güc
strukturları birgə tənzimləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir