
Bakıda restoranda musiqiyə görə öldürülən şəxs DSX-nin əməkdaşı olub
Bakı. Trend:
Bakıda restoranda musiqiyə görə öldürülən şəxs Dövlət Sərhəd
Xidmətinin (DSX) əməkdaşı olub.
Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, mart ayının 16-da saat 00:30 radələrində Dövlət
Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Vəliyev Cəsarət Baxış
oğlu xidmətdən sonra baş vermiş hadisə nəticəsində vəfat edib.
Baş Gizir Cəsarət Vəliyev, 44 günlük “Vətən Müharibəsi”ndə və
12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının
qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və
şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad
olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə
təltif edilib.
Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Baş
Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sərhəd
Xidməti ilə əlaqəli şəkildə istintaq-əməliyyat tədbirləri həyata
keçirilir.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi
qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı
verir.
Qeyd edək ki, martın 16-da saat 03 radələrində paytaxtın Nəsimi
rayonunda 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin kəsici-deşici
öldürülməsi və 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət alması
ilə ilə bağlı polisə məlumat daxil olub. İlkin araşdırma zamanı
Cəsarət Vəliyevin tanışı ilə birgə “20 yanvar” metrostansiyasının
yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi
sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında
yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət
nəticəsində xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən
edilib.