Bayramla əlaqədar Metropolitenin iş rejimində dəyişiklik olacaq
Bakı. Trend:
Bayramla əlaqədar Metropolitenin iş rejimində dəyişikliklər
olacaq.
“Bakı Metropoliteni” QSC-dən Trend-ə verilən məlumata görə, martın
19-21-i şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin
keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb
edilməklə növbətçilik cədvəli tərtib olunub.
Bayram günlərində qatarların optimal hərəkət qrafikinə xüsusi
diqqət yetiriləcək. Ayın 19-21-də “Həzi Aslanov-28 May” sahəsində
qatarların hərəkəti 2,5 dəqiqəlik, ayın 22-24-də isə 3 dəqiqəlik
intervalla tənzimlənəcək. Bu stansiyada Qırmızı və Yaşıl xətlər
birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları
istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq.
Bununla belə, sərnişin axınının tənzimlənməsi məqsədilə “Nərimanov”
elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət
yaranacağı təqdirdə xəttə buraxılacaq.
“Bakmil” istiqamətinə və əksinə hərəkət edən sərnişinlərin
diqqətinə çatdırılır ki, qatarların hərəkət cədvəli martın 19-21-də
şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun
olacaq.