Biz birinci yerə köklənmişdik – Akrobatika gimnastikası üzrə Dünya Kubokunun qalibləri

Bakı. Trend:

Biz Portuqaliyanın Maya şəhərində keçirilən Akrobatika
gimnastikası üzrə Dünya Kubokunda birinci yerə köklənmişdik və
bizdə hər şey alındı.

Bu barədə Trend-ə qarışıq cütlük olaraq çıxış edən azərbaycanlı
idmançılar Ağasif Rəhimov və Raziyə Seyidli deyiblər.

10-12 mart tarixlərində keçirilən Akrobatika gimnastikası üzrə
Dünya Kubokunda Ağasif Rəhimov və Raziyə Seyidli kombinə olunmuş
hərəkətlər proqramında qızıl medal qazanıblar.

“Dünya Kubokunda rəqiblərimiz güclü idilər və yaxşı
hazırlaşmışdılar. Hər biri özünün ən yaxşı proqramını nümayiş
etdirməyə çalışırdı. Yarışlarda əsas rəqiblərimiz İsrail
təmsilçiləri idi. Biz məşqlərdə birinci yerə köklənmişdik və bizdə
hər şey alındı. Hər kəs mükafat üçün mübarizə aparır, lakin
yarışların gedişatını öncədən görmək mümkün deyil, bəzən ən güclü
idmançı da səhv edə bilər, yaxud zəif hesab etdiyin rəqib qabağa
çıxa bilər”, – Raziyə Seyidli deyib.

Ağasif Rəhimov isə Portuqaliyada keçirilən Dünya Kubokunun onlar
üçün bu mövsümün ilk başlanğıcı olduğunu vurğulayıb.

“Bu bizim hazırki mövsümdə ilk yarışlarımız idi. Biz səhvsiz
çıxış etməyə, mürəkkəb elementlər nümayiş etdirməyə çalışırıq,
əlbəttə ki, artistlik haqqında da unutmuruq. İsraildən olan
gimnastlar bizim təlim-məşq toplantılarımızda olublar və
taktikamızı, necə məşq etdiyimizi, hazırlaşdığımızı bilirdilər,
buna görə də onları öz proqramımızla təəccübləndirməyə qərar
verdik. Biz Dünya Kubokunda elementlərin mürəkkəbliyinə görə yüksək
bal aldıq. Qələbəmizə sözsüz, şadıq, Azərbaycanın himni səslənəndə
insan izaholunmaz hisslər keçirir və qürur duyur”, – Rəhimov
deyib.

Gimnastlar qarşıda onları Dünya Kubokunun Belçika mərhələsinin
gözlədiyini və orada da eyni proqramla çıxış edəcəklərini və ola
bilsin ki, bəzi elementlərə dəyişikliklər edəcəklərini əlavə
ediblər.

Hazırda Ağasif Rəhimov və Raziyə Seyidli 14-16 mart tarixləri
arasında Milli Gimnastika Arenasında keçirilən akrobati̇ka
gi̇mnasti̇kası üzrə 28-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı
çempi̇onatında iştirak edirlər. İdmançılar yarışlarda onlara
Portuqaliyadakı Dünya Kubokunda qızıl medal qazandıran proqramla
çıxış edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir