
Bu gün dünyada islamofobiya geniş vüsət alıb –
Bakı. Trend:
Son 30-40 il ərazində İslamla bağlı xeyli tədqiqat aparılıb.
Trend-in məlumatına görə, bu barədə TRT World” Araşdırma
Mərkəzinin direktoru Tarık Çerkaui “İslamofobiya irqçiliyin və
ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli
çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı
deyib.
Onun sözlərinə görə, həmin araşdırmalar islamofobiyanı tam
olaraq tədqiq edə bilməyib.
“Biz ilk növbədə medianın islamofobiyanı necə qələmə aldığını
diqqətə almalıyıq. Təəssüf ki, bu gün dünyada islamofobiya geniş
vüsət alıb. Ona görə islamofobiyadan danışarkən həm də əsas
səbəblərdən danışmalıyıq ki, onlar dərin kök salmış inanclar
üzərində qurulub”, – deyə o, əlavə edib.
Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və
G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə
Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin
spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar”
mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə
müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan
həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma
yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq
təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət
təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə
mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində
islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya
mövzularında müzakirələr aparırlar.
Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü
olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq
Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının
Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər
Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini
İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.