
Ermənilərin məscidlərimizi dağıtmasına baxmayaraq, erməni kilsəsi Bakının mərkəzi küçəsində qorunur – Ümumdünya Fətva Orqanları üzrə Baş Katibliyin müşaviri
Bakı. Trend:
Ermənilər məscidlərimizi dağıtmasına baxmayaraq, erməni kilsəsi
Bakının mərkəzi küçəsində qorunur.
Trend-in məlumatına görə, bu barədə bu gün Ümumdünya Fətva
Orqanları üzrə Baş Katibliyin müşaviri Seymur Nəsirov “İslamofobiya
irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və
transmilli çağırışlar” mövzusunda Bakıda keçirilən beynəlxalq
konfransda çıxışı zamanı deyib.
“Biz hər birimiz birləşərək insanlığa dəstək olmalıyıq. Dünya
universitetlərində islamofobiya ilə bağlı dərslər keçirilməli,
bunun mənfi təsirləri izah edilməlidir. Hər birimiz buna töhfə
verməliyik”, – deyə o əlavə edib.
Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və
G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə
Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin
spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar”
mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə
müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan
həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma
yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq
təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət
təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə
mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində
islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya
mövzularında müzakirələr aparırlar.
Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü
olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq
Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının
Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər
Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini
İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.