
Fransalı senator Bakı və Paris küçələrinin təmizliyini müqayisə edib (FOTO)
Bakı. Trend:
Fransa Senatının Orne departamentindən olan üzvü Natali Qule
Twitter-də Paris küçələrinin görüntülərini paylaşaraq, müqayisə
üçün müasir Bakının küçə və meydanlarının bir neçə fotosunu
yerləşdirib.
Trend xəbər verir ki, Parisin Bulon-Bilyankur qəsəbəsindən olan
Natali Qulenin Twitter-də yazdığı paylaşımda o, Bakı küçələrinin
heyrətamiz təmizliyini və baxımlılığını qeyd edir. Onun sözlərinə
görə, bunu Fransa paytaxtı haqqında demək çətindir.
Natali Qulenin sözlərinə onu da əlavə etmək lazımdır ki, Bakının
yarımsəhra landşaftına və çətin iqlim şəraitinə malik olmasına
baxmayaraq, özünəməxsus memarlıq görünüşü ilə yanaşı, həm də
təmizliyi, səliqəsi və yaşıllıq zənginliyi ilə Avrasiya məkanındakı
şəhərlərdən fərqlənir.
Bakının təmizliyi son illərdə keyfiyyətcə yeni səviyyəyə
yüksəlib ki, bu da həm bakılıların, həm də Azərbaycan paytaxtının
çoxsaylı qonaqları tərəfindən daim qeyd edilir.