İslamofobiya mövzusunda keçirilən konfransın iştirakçıları birgə kommünike dərc ediblər

Bakı. Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq
Forumu tərəfindən İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr
olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması
kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq
konfransın nəticələrinə dair birgə kommünike dərc olunub.

Trend-in məlumatına görə, bəyanatda deyilir:

“Konfrans islamofobiya ilə onun bütün formalarında və
təzahürlərində mübarizəyə töhfə verməlidir. Konfrans iştirakçıları
BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 15 mart tarixini
islamofobiya ilə mübarizə günü elan edən 12408 (2022) saylı
qətnaməsinə istinad edərək islamofobiyanın irqçiliyin yeni forması
kimi yarandığını və özündə həmçinin ayrı-seçkilik, stiqmatizasiya
və həyatın bütün sferalarında özgələşdirməni ehtiva etdiyini
vurğulayıblar.

Konfransda iştirakçılar tərəfindən islamofobiya ilə mübarizədə
sektorlararası yanaşma məsələləri, Qərb mədəniyyətlərində
müsəlmanlarla bağlı konspiroloji nəzəriyyələr, islamofobiyaya
tarixi və müasir baxışlar, islamofobiya ilə mübarizədə birgə
əməkdaşlıq və beynəlxalq təşkilatların rolu, dini müxtəliflik və
konfessiyalararası hörməti təşviq etmək etməklə ahəngdar
cəmiyyətlərin qurulması məsələləri müzakirə olunub.

İştirakçılar islamofobiya və oriyentalizmin bütün mürəkkəbliyi
ilə Avropa kolonializmində dərin köklərə malik olduğunu etiraf
ediblər, onlar siyasətçilər arasında islamofob fikirlərin və
düşüncələrin olduğunu və bunların Avropa Parlamentindən tutmuş
yerli bələdiyyələrə kimi – bütün səviyyələrdə siyasi təsisatlarda
təsirini vurğulayıblar.

Avropada və dünyanın digər yerlərində mövcud olan və son
vaxtlarda özünün pik həddinə çatan struktur islamofobiyanın
təzahürlərinin daima güclənməsi ilə əlaqədar dərin narahatlıq ifadə
olunub

Konfrans iştirakçıları İslama və müsəlmanlara qarşı inklüziv
cəmiyyətlərin əsaslarını sarsıdan zehniyyətin və qərəzli
münasibətin yayılmasının qarşısını almağa çağırmaqla yanaşı, söz
azadlığı ilə nifrətin qızışdırılması arasında aydın sərhədlərin
müəyyən edilməsinin, böhtan və istehza xarakterli ritorikanın
(məsələn, Charlie Hebdo nümunəsində olduğu kimi) qarşısının
alınmasının vacibliyini vurğulayıblar.

Konfrans mövcud hüquqi vasitələrin və siyasi tədbirlərin
genişləndirilməsinə görə beynəlxalq təşkilatların və siyasətçilərin
məsuliyyətini təsdiqləyib, belə ki, bunlar İslama və müsəlmanlara
qarşı stereotiplərlə mübarizədə yetərli deyil.

İştirakçılar islamofobiya ilə mübarizədə əməkdaşlığın daha da
möhkəmləndirilməsi barədə razılığa gəliblər.

Həmçinin, konfrans təşkilatçılarına vaxtında göstərilən
təşəbbüsə və qonaqpərvərliyə görə minnətdarlıq ifadə olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir