
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Göygöl rayonunda (FOTO)
Bakı. Trend:
16 mart 2023-cü il tarixində AFFA-nın, Göygöl Rayon İcra
Hakimiyyətinin, Uşaq Gənclər Futbol Federasiyasının və Yelo Bank-ın
birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək”
layihəsi üzrə növbəti tədbir Göygöl rayonunda keçirilib. Bu layihə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29
dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində
idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair
verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış
addımdır.
Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Elvin
Paşayev, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf
Əliyev, Milli Məclisə Göygöl rayonundan seçilmiş deputat Elşad
Mirbəşir və Göygöl Rayon Gənclər və İdman İdarəsinin müdiri Zaur
Abbasov iştirak etmişdir. Bu tədbir, eyni zamanda, Göygöl rayonunda
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi
ilə bağlı həyata keçirilən silsilə tədbirlərdən biri kimi
yaddaşlarda qalacaqdır.
Layihə çərçivəsində təşkil edilmiş tədbirdə şəhid və qazi
ailələrindən uşaqlar da iştirak etmişdir. Tədbirdə iştirak edən 50
məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və
toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz
bacarıqlarını nümayiş etdiriblər. Bu layihə üzrə tədbirlərin digər
bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.