Kiçikhəcmli gəmilərə texniki baxış keçirilib (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidməti 2023-cü il üçün kiçikhəcmli
gəmilərə texniki baxış cədvəlinə uyğun olaraq nəzarət tədbirlərini
davam etdirir.

FHN-dən Trend-ə bildirilib ki, 16 mart 2023-cü il tarixində
Xidmət tərəfindən Neftçala rayonunun Mirqurbanlı, Sahiloba və
Şirvanlı kəndləri ərazisində dəniz sahilində kiçikhəcmli gəmilərə
texniki baxış keçirilib. Baxış zamanı gəmilərin texniki sənədləri,
onların yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələb və
normaları, mühərriklərin gücü və sayı, üzmə rayonu, suüstü bortun
minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü,
xilasetmə və yanğın əleyhinə vasitələr, naviqasiya və digər
avadanlıqlarla təchizatı yoxlanılıb.

Qeyd edək ki, texniki baxışın keçirilməsi üçün ərazi üzrə
ümumilikdə 125 qayığın sahibindən müraciət daxil olub. Texniki
baxış nəticəsində norma və tələblərə cavab verən nəqliyyat
vasitələrinin (qayığın) sahibinə üzməyə icazə verən texniki talon
təqdim olunub, tələblərə cavab verməyən qayıqların istismarına
qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib
edilib.

Hazırda FHN tərəfindən kiçikhəcmli gəmilərin texniki
vəziyyətinin qiymətləndirilməsi davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir